Azərbaycanda tanınmış alim vəfat ETDİ
Tanınmış maliyyəçi, İqtisad elmləri namizədi, əməkdar müəllim Asif Kərimov vəfat edib.
Redaktor.az xəbər verir ki, bu barədə mərhumun ailəsindən məlumat verilib.
Bildirilib ki, A.Kərimov 92 yaşında xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, Kərimov Asif Məti oğlu 1931-ci il mart ayının 19-da Füzuli rayonunda anadan olub. 1940-1950-ci illərdə orta təhsil alıb. 1950-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə-kredit fakültəsinə daxil olub və 1954-cü ildə fərqlənmə diplomu ilə bitirib. 1954-1957-ci illərdə Moskva Maliyyə İnstitutunun əyani aspiranturasında oxuyub.
Uzun illər o zamankı Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda və indiki Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Maliyyə və Maliyyə-kredit fakültəsində müəllim, dosent, dekan müavini, dekan, kafedra müdiri vəzifələrində çalışıb. O, 2017-ci ildə təqaüdə yola salınmışdı.
Təhsilin inkişafındakı xidmətlərinə görə "Əməkdar Müəllim” fəxri adına layiq görülən A.Kərimov UNEC-in Fəxri professoru olub.
O, maliyyə elminin nəzəri və praktiki məsələlərinə dair 100-dən çox elmi əsərlərin müəllifidir (iqtisadiyyat.az).