AZAL-ın təyyarəsi Rusiya tərəfindən raketlə VURULUB

 16:55 26.12.2024     686

Araşdırmanın ilkin nəticələrinə əsasən müəyyən edilib ki, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən AZAL təyyarəsi Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən hücuma məruz qalıb.

Redaktor.az
 xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.

Məlumata görə, Azərbaycan hökumət mənbələri “Euronews”a təsdiq edib ki, Azərbaycan Hava Yollarına məxsus təyyarənin Aktau şəhərində qəzaya uğramasının səbəbi Rusiyanın zenit raketidir.

Həmin mənbələrə əsasən, raket Qroznı üzərində pilotsuz uçuş aparatlarının aktivliyi zamanı 8432 saylı reysi yerinə yetirən təyyarəyə atılıb və onun qəlpələri təyyarənin yaxınlığında havada partlayaraq sərnişinlərə və ekipaj üzvlərinə zərər yetirib.

Hökumət mənbələri həmçinin bildirib ki, zərər görmüş təyyarənin pilotlarının məcburi eniş üçün etdiyi sorğulara baxmayaraq, Rusiya hava limanlarında təyyarəyə eniş icazəsi verilməyib. Əksinə, ekipaja Xəzər dənizi üzərindən Qazaxıstanın Aktau şəhərinə uçmaları əmr olunub.

Məlumata görə, təyyarənin GPS naviqasiyası dəniz üzərindəki bütün marşrut boyunca bloklanıb.

Qeyd edək ki, təyyarə qəzasının baş verdiyi gün Qroznıya dron hücumu olub.