Şagirdlər qəbiristanlıqda qeyri-etik hərəkətlər etdilər - VİDEO - RƏSMİ - AÇIQLAMA

 10:32 06.01.2025     295

Sosial şəbəkələrdə Lənkəranda bir neçə yeniyetmənin qəbiristanlıqda qeyri-etik hərəkətlər etməsini əks etdirən görüntülər yayılıb.

Redaktor.az xəbər verir ki, hadisə ötən ilin 23 dekabr tarixində baş verib. Belə ki, orta məktəb şagirdi olan yeniyetmələrdən biri məzarın üzərindəki şəklə pomada ilə rəsm çəkib. Həmçinin onlar hərəkətlərini davam etdirərək qeyri-etik ifadələr işlədiblər, qəbirlərin üstünə çıxaraq qaçıblar. Onlar etdikləri hərəkətləri digər dostları ilə də paylaşıblar və beləliklə görüntülər yayılıb.

Video sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İstifadəçilərin bir çoxu həmin yeniyetmələrin saxlanılaraq cəzalandırılmasının, valideynlərinin də məsuliyyətə cəlb edilməsinin vacib olduğunu qeyd ediblər. 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev sorğumuza cavab olaraq bildirib ki, artıq həmin yeniyetmələrlə bağlı tədbirlər görülüb: “Həmin əməli törədən azyaşlılar Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilib. Valideynlər və pedaqoqların iştirakı ilə izahatları alınaraq araşdırma aparılıb. Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmadıqları üçün barələrində cinayət işinin başlanması rədd edilib. Həmin azyaşlılarla profilaktiki söhbətlər aparılmaqla qəbul edilmiş qərar aidiyyəti üzrə Rayon İcra Hakimiyyəti yanında müvafiq komissiyaya göndəriləcək” (Qafqazinfo).