Azərbaycanın 3 gəmisi heyətlə birgə girov saxlanılır?

 12:40 08.01.2025     284

Dövlət Dəniz və Liman Agentliyinin mətbuat katibi Pərvanə İmanova hadisə ilə bağlı növbəti açıqlama verib.

Redaktor.az-ın məlumatına görə, qurum rəsmisi APA-ya bildirib ki, Azərbaycana məxsus 3 gəminin heyəti ilə birlikdə Afrikada, Eritreya sahillərində girov götürülməsi ilə bağlı Eritreya Dövlətinin dəniz nəqliyyatı sahəsi üzrə səlahiyyətli qurumuna, habelə BDT-yə, Eritreyanın BDT-dəki daimi nümayəndəliyinə və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə rəsmi məktubla müvafiq məlumatlar təqdim edilib.

O qeyd edib ki, 2024-cü ilin 7 noyabr tarixində “Caspian Marine Services B.V.” şrikətinin Azərbaycandakı filialı tərəfindən sözügedən şirkətə məxsus 3 gəminin Eritreya dövlətinin səlahiyyətli qurumları tərəfindən saxlanılması barədə DDLA -nə məlumat daxil olub:

“Dərhal Agentlik tərəfindən Xarici İşlər Nazirliyinə işçi qaydada məlumat verilib”.

***

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) mətbuat katibi Mehman Mehdiyev Afrika qitəsində saxlanılan gəmilərin ASCO-ya aid olmadığını açıqlayıb.

***

Azərbaycana məxsus 3 gəmi heyəti ilə birlikdə Afrikada yerləşən Eritreya dövlətinə aid sularda həbs edilib.

Redaktor.az xəbər verir ki, bu barədə “Bakupost”a uzaq səfərlər kapitanı Səyyar Quliyev məlumat verib.

O iddia edir ki, heyət 2 aya yaxındır ac-susuz girov saxlanılır. Gəminin Bakıdan Ərəbistana yola çıxdığı, havanın küləkli olması səbəbindən Afrikaya - Eritreya istiqamətinə yönəldiyi bildirilir.

Kapitanın sözlərinə görə, gəmidəki şəxslər Bakı buxtasından Dubaya işləmək məqsədilə gedirmişlər.

Məsələyə Dövlət Dəniz və Liman Agentliyi də reaksiya verib. Qurumun mətbuat katibi Pərvanə İmanova bildirib ki, bu barədə məlumatlıdırlar və məsələ araşdırılır.