Səs-küylə həbs olunan deputatdan XƏBƏR VAR

 12:12 10.01.2025     180

Milli Məclisin sabiq deputatı, hazırda həbsdə olan Eldəniz Səlimovun vəziyyəti, səhhəti normaldır.

Redaktor.az xəbər verir ki, bu barədə teleqraf.com-a onun yaxınları məlumat verib.

Bildirilib ki, E.Səlimovun həbs müddəti gələn ay başa çatacaq və fevralın əvvəlində həbsxanadan buraxılacaq.

Qeyd edək ki, 2021-ci ilin iyul ayının 29-da sabiq deputat Eldəniz Səlimovun Xaçmaz şəhəri ərazisində polis əməkdaşını döydüyü iddiası ilə polis orqanlarına müraciət edilib.

Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Eldəniz Səlimov qohumuna məxsus restoranda Xaçmaz Rayon Polis Şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun inspektoru, polis leytenantı Zaur Mirzəyevin bir neçə gün öncə öz xidməti vəzifəsini icra edərək həmin restoranda xüsusi karantin rejimi qaydalarının pozulması ilə əlaqədar etdiyi qanunamüvafiq hərəkətləri özünə hörmətsizlik kimi qiymətləndirərək onun ünvanına nalayiq ifadələr işlədib, sifət və baş nahiyəsinə yumruq və başı ilə zərbələr vurub.

Eldəniz Səlimov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Daxili İşlər Nazirliyi Baş Prokurorluğa təqdimat göndərib. Baş Prokurorluq 2021-ci ilin iyulun 30-da deputatın polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi iddiası ilə bağlı cinayət işi başladıb və daha sonra deputatın toxunulmazlığının ləğvi ilə bağlı parlamentə təqdimat göndərib.

2 avqust 2021-ci tarixində parlamentin İntizam Komissiyasının iclasında deputatın toxunulmazlığı ləğv edilməsi ilə bağlı məsələ plenar iclasa tövsiyə olunub. Həmçinin 2 avqust 2021-ci ildə Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının İdarə Heyətinin iclasında Eldəniz Səlimov YAP üzvlüyündən xaric edilib.

Parlamentin 3 avqust 2021 tarixli fövqəladə iclasında deputatın toxunulmazlığı ləğv olunub. 27 dekabr 2021-ci ildə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Eldəniz Səlimov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və deputat mandatına xitam verilib.

2 noyabr 1976-cı ildə Xaçmaz rayonunda anadan olan Eldəniz Səlimov Milli Məclisin V və VI çağırış deputatı olub.