Bakıda “Atico” MMC-nin sürücüsü ölümcül döyüldü – FOTOLAR - VİDEO - ŞİKAYƏT
Abşeron rayon Hökməli qəsəbəsi Yeni yaşayış massivində yaşayan Abasov Şahin Vidadi oğlu gecə saatlarında evinə basqın edən şəxslər tərəfindən ölümcül döyülüb.
Bu barədə o, Redaktor.az-a şikayətində deyib. Onun sözlərinə görə, dava etdiyi şəxslə əvvəlcə işdən evə gələrkən əlbəyaxa olub:
“Mən özüm “Atico MMC”də sürücü işləyirəm. Hər gün işə gedib-gələndə benzin pulu üçün yoldan adam başı 1 manat olmaqla 4 nəfər sərnişin götürürəm. Yanvarın 8-i işdən çıxıb “20 Yanvar”dan qadın və kişi olmaqla maşınıma 2 nəfər adam mindirdim. “Şamaxinka”dan isə daha 2 nəfər cavan oğlan götürdüm və onlardan biri sərxoş idi. Sərxoş şəxs arxada orta oturacaqda, sağında qadın, solunda isə daha bir sərnişin əyləşmişdi.
Həmin şəxs dedi ki, “içkili olduğum üçün maşınımı Yol polisi cərimə meydançasına apardı, amma pulun verib çıxardacam, maşındı da tutublar” belə öz-özünə danışmağa davam etdi. Mən də sakit maşınımı sürürdüm, yol tıxac idi, yavaş-yavaş gedirdik. Sonra həmin şəxsə zəng olundu. O, telefonda qeyri-etik ifadələr işlətməyə başladı və yanındakı qadın sərnişin də onun bu sözlərinə görə ona iradını bildirdi. O, qadınla mübahisə edərək dedi ki, “kəs səsini xoşun gəlmir düş rədd ol başqa maşına min get”. Mən ona dedim ki, ayıbdır, bu nə hərəkətdi edirsən, hörmət elə qadına. O, isə bu dəfə mənim üstümə qışqırdı və təhqir etdi. Ondan sonra maşını saxladım düşdüm. Sağ tərəf arxa qapını açdım xanım düşdü və sonra sərxoş şəxsə dedim ki, mənim maşınımdan düşün! O, məni təhqir elədi, söydü və yumruq atdı o da alt dodağıma dəydi bu azmış kimi, köynəyimin də boynunu cırdı. Sonra mən bunu maşından çəkib düşürdüm. Onu da xatırladım ki, hadisə Yeni avtovağzalın yaxınlığında baş verib”.
Ş.Abasovun sözlərinə görə, ətrafdakı sürücülər yaxınlaşaraq onları sakitləşdirib və ona deyiblər ki, içkili şəxslə mübahisə etməyin mənası yoxdur. Daha yaxşısı sür maşınını çıx, get. Ş.Abasov da yoluna davam edib. Evinə çatdıqdan təxminə bir saat sonra onun evinin qapısını döyməyə başlayıblar:
“Mən yoluma davam edəndə sərxoş şəxs dedi ki, “hara qaçırsan, onsuz da gəlib tapacam səni”. Evə təzə çatmışdım ki, gördüm evin qapısını sındırırlar. Evdə isə 7 və 8 yaşında iki azyaşlı uşağım və həyat yoldaşım bu səsdən qorxmağa başladılar. Uşaqlar qorxudan əsirdilər. Onların evimə girərək ailəmə hücum edəcəklərindən ehtiyat edib özümü evdən həyətə atdım. Bunu görən həyat yoldaşım qorxduğu üçün Daxili İşlər Nazirliyinin “102” xidmət-zəng mərkəzinə zəng vurdu. Küçəyə çıxanda gördüm ki, iki maşın dayanıb və 10 nəfər adam qapımın ağzında məni gözləyir”.
Ş.Abasov deyib ki, mübahisə etdiyi şəxs tanışlarını toplayaraq onu döyməyə gəlibmiş:
“Həmin şəxslər mənim qollarımı tutdular və mübahisə etdiyim şəxs mənim burnuma, ağzıma zərbələr endirməyə başladı, ardıyca digər şəxslər də məni ölümcül döydülər və səsə qonşular çıxdı. Həmin şəxslər maşınlarına minib uzaqlaşdılar. Zərbələrin təsirindən huşumu itirdim və qonşular kömək edərək məni yerdən qaldırıb evə apardılar.
Şikayətçi deyib ki, təxminən iyirmi dəqiqə sonra post patrul xidmətinin əməkdaşları onlara gəliblər:
“Ondan sonra polis əməkdaşları məni Abşeron rayon Polis İdarəsinin Qobu Polis bölməsinə apardılar və orda izahat yazdım. Burnumun isə qanı dayanmırdı deyə Abşeron rayon Mərkəzi Xəstəxanasına gəldim və burnumu rentgen etdilər. Məlum oldu ki, burnumu sındırıblar. Həmin vaxt isə xəstəxanada lor həkimi olmadığı üçün məni M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzinə göndərdilər. Orda həkimlər burnuma sarğı qoydu”.
Ş.Abbasov yanvarın 9-da Abşeron Mərkəzi Xəstəxanasında ekspertizadan keçib və məlum olub ki, bütün burun sümükləri sınıb:
“Həkim dedi ki, təcili əməliyyat olunmalısan. Yanvarın 11-də burnumdan çox ağır əməliyyat keçirdim. Hazırda xəstəxanada yatıram”.
Şikayətçi hadisəni törədənlərin hələ də tapılmamasına görə narahat olduğunu deyib və Daxili İşlər Nazirliyinə müraciət edib:
“Hadisəni Qobu Polis bölməsi araşdırır, amma təəssüflər olsun ki, hələ də hadisəni törədən şəxslər tapılmayıb. Bizə bölmədən belə deyiblər. Hansı ki, küçəmizdə qonşuların kamerasında onların görüntüləri var. Görüntülərdən məlum olur ki, kimsə telefonda mənim evimin ünvanını o şəxsə telefonda deyir və o, da evimi tapır. Daxili İşlər Nazirliyinə müraciət edərək xahiş edirəm ki, məni bu hala salan şəxslər məsuliyyətə cəlb edilsin. Mən xətəxanada yatıram, ailəm isə evimdə qorxu içində yaşayır”.
Redaksiyadan: Məsələylə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdik. Əlavə məlumat verəcəyik.
Vasif ƏLİHÜSEYN