"Həkimin dediklərinə əməl olunsaydı, qızım evdə keçinəcəkdi" - Nəzrinin atası elə şeylər danışdı ki...
“Azərbaycanın hər yerindən bizi tanımayan insanlar Nəzrin üçün xəstəxanaya dəstək olmağa gəldilər. Media nümayəndələri məsələni işıqlandırdılar. Dəstək olan hər kəsə təşəkkür edirik. Mən ölənə kimi hər gün bu məsələni gündəmdə saxlayacağam”.
Redaktor.az xəbər verir ki, bunu keçən gün burun əməliyyatından sonra komaya düşərək həyatını itirən 30 yaşlı Nəzrin Mansurovanın atası Aydın Abışzadə deyib.
Mərhumun atasının sözlərinə görə, hazırda məsələ araşdırılır:
“Prokurorluğa müraciət etmişik. Biz özümüz və Nəzrinin iş kollektivi də Səhiyyə Nazirliyinə şikayət edib. Səhiyyə Nazirliyi ilə Prokurorluq bir yerdə gəlib mənim qızımı kilinikadan özləri götürdülər. Meyiti müayinə etməyə və bütün məhkəmə tibbi ekspertizasının hamısından keçməyə özüm razılıq verdim.
Mən onu ifşa etmək üçün hər şeyə razı oldum. Ekspertiza rəyi keçirilib, qızımın cansız bədəni bizə təhvil verilib və artıq dəfn etmişik”.
O deyib ki, həkimdən heç bir məlumat yoxdur:
“Hətta eşitdiyimizə görə, dünən belə əməliyyat edib. O, hələ də işindən kənarlaşdırılmayıb. Yenə də əməliyyatlara davam edir. Bu məsələdən sonra üz-üzə gəlməmişik. Mən onunla üz-üzə gəlsəm, özümə cavabdeh ola bilmərəm.
Sadəcə, onun özü qızımın həyat yoldaşı ilə xəstəxanaya yerləşdirildiyi vaxt, ayın 6-sı əlaqə saxlayıb. Qızımın yoldaşı prokurorluğa müraciət edəndən sonra Sənan Mehdiyev bir neçə dəfə kürəkənimə zəng edib. Kürəkənim də cavab verməyib ki, artıq səninlə danışacaq adam biz deyilik, prokurorluqdur”.
Aydın Abışzadə qeyd edib ki, Sənan Mehdiyevin dediklərinə əməl etsəydilər, qızı evdə vəfat edəcəkdi:
“Qızımın vəziyyəti ayın 4-ü günü axşam pisləşib. 5-i bütün günü pis olub. Bu müddət kürəkənimin onunla əlaqə saxlamasına baxmayaraq, Sənan Mehdiyev deyib ki, dəyməyin, heç nə etməyin, heç yerə aparmayın.
Yəni onun dediklərinə əməl olunsaydı, qızım evdə keçinəcəkdi. Qızımı "Liv Bona Dea Hospital"a çatdırıblar. Oraya çatdıran kimi ürək dayanıb.
7 dəqiqə sonra ürəyi işə salıblar. Amma yenə də qızımın beyni komadan ayılmadı. Ayın 5-i, 6-sı, 8-i, 9-u reanimasiyaya yerləşdirdiyimiz klinikada KT elədilər. KT sənədlərində hamısı qeyd olunub.
Orada göstərilib ki, əməliyyat zamanı beyin sümüyü zədələnib. Ordan beyinə maye sızıb, miningit əmələ gəlib və beyinə infeksiya keçib. Beyin şişib və qan dövriyyəsini dayandırıb. Beyin qan ilə qidalanmayıb. Qızımın ölüm səbəbi budur”.
Xatırladaq ki, Nəzrin Mansurovanın yanvarın 3-də cərrah Sənan Mehdiyev tərəfindən keçirilən əməliyyatdan bir gün sonra vəziyyəti ağırlaşıb və komaya düşüb. Onun həyatını xilas etmək mümkün olmayıb (cebheinfo).