Son anda ölümdən xilas oldu - VİDEO
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə növbəti dəfə müraciət edib.
Redaktor.az qurumun Mətbuat xidmətinə istinadən xəbər verir ki, ötən gün axşam saatlarında paytaxtın Ceyhun Hacıbəyli və Mirəsədulla Mirqasımov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Bu zaman yolun hərəkəti hissəsindən keçən piyada qəzadan son anda xilas ola bilib. Hadisə nəticəsində kəsişmədə olan piyada işıqforu isə yararsız vəziyyətə düşüb.
Digər bir yol-nəqliyyat hadisəsi isə Binəqədi şosesi ilə Mehdiabad yolunun kəsişməsində qeydə alınıb. Bu qəza nəticəsində nəqliyyat işıqforu sıradan çıxıb: “Təəssüflər olsun ki, bəzi sürücülərin qaydalara məhəl qoymaması, yüksək sürətlə nəqliyyat vasitəsini idarə etməsi və digər qayda pozuntularına yol vermələri səbəbindən qəzalar baş verir ki, bu səbəbdən də işıqforlar yararsız hala düşür və onların idarəetmə qurğusu zərər görür. Yararsız vəziyyətə düşən işıqforların yeniləri ilə əvəz edilməsinin bir neçə gün çəkdiyini nəzərə alsaq, təbii ki, bu problemdən sürücü və piyadalar özləri əziyyət çəkirlər. Buna görə də bir daha xahiş edirik ki, sürücülər, xüsusilə də yolayrıclarına daxil olduqda sürət həddinə və işıqforun tələblərinə ciddi riayət etsinlər”.