Ana ilə uşaqlarının öldüyü qəzanın təfərrüatı - FOTO

 11:30 30.01.2025     344

Dünən gecə Salyan rayonunun Seyidlər kəndində 4 nəfərin ölümü ilə nəticələnən yol qəzasının bəzi detalları məlum olub.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, “Mercedes” markalı avtomobilin sürücüsü Aqil Məmmədov maşında olan 1983-cü il təvəllüdlü sərnişin Elşən İsmayılovun bibisi oğlu imiş.

Belə ki, gecə saatlarında qardaşıgildə baş tutan qonaqlıqdan çıxan Elşən İsmayılov ailə üzvləri ilə birgə Aqil Məmmədovun maşınına əyləşərək Seyidlər kəndindən qonşuluqda yerləşən və yaşadığı Dayıkənd kəndinə yola düşüb. Lakin bir neçə dəqiqə sonra onların olduğu avtomobil kəndin içindəki su kollektoruna düşüb.

Nəticədə E.İsmayılovun 1990-cı il təvəllüdlü həyat yoldaşı Nərmin İsmayılova, onun 2010-cu il təvəllüdlü övladı Rza və 2012-ci ildə doğulmuş oğlu Hüseyn, eləcə də sürücü A.Məmmədov suda boğularaq ölüblər.

Elşən İsmayılov və 2021-ci il təvəllüdlü oğlu Ziya isə sudan sağ çıxarılıb. Onlar xəstəxanaya aparılıb.

Bildirilir ki, E.İsmayılov Salyanda avtobus sürücüsü işləyir.

Onun bibisi oğlu Aqil Məmmədov isə Salyan Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışırmış.

 Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Fotoda Aqil Məmmədov

Fotoda Rza İsmayılov

Fotoda Hüseyn İsmayılzadə