Tələbənin ölümünə səbəb olan şəxsə HÖKM OXUNDU
Mingəçevirdə ağır yol-nəqliyyat hadisəsi törətmiş 27 yaşlı Cəlal Cəfərova hökm oxunub.
Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Mingəçevir Şəhər Məhkəməsi həmin şəxsi Cinayət Məcəlləsinin 263.2 və 264-cü (Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmə və hadisə yerindən yayınma) maddələri ilə təqsirli bilib.
Bildirilib ki, 2023-cü ilin dekabrında C.Cəfərov “Mercedes” markalı avtomobillə şəhərin Müslüm Maqomayev küçəsi ilə hərəkətdə olarkən yolun kənarı ilə piyada hərəkət edən 2005-ci il təvəllüdlü Nazlı Hüseynova və tələbə yoldaşı İmamrza Sadıqzadəni vurub.
Mingəçevir Turizm Kollecinin 3-cü kurs tələbəsi olan N. Hüseynova hadisə yerində vəfat edib.
Hadisədən sonra Cəlal maşınla oradan uzaqlaşıb.
Qeyd edilib ki, C.Cəfərov keçmiş polis əməkdaşıdır və hadisədən bir müddət əvvəl öz raportu əsasında daxili işlər orqanlarında xidmətdən xaric olunub.
Məhkəmənin hökmü ilə ona 5 il azadlıqdan məhrumetmə cəzası verilib. Cəzasını məntəqə tipli müəssisədə çəkəcək sürücünün 3 il nəqliyyat vasitəsi idarə etməsi də məhdudlaşdırılıb.