Bakı-Quba yolundakı ağır yol qəzasında xəsarət alanların sayı açıqlandı - YENİLƏNİB
Bakı-Quba magistral avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 30.01.2025-ci il tarixində saat 21:00 radələrində Sumqayıt Tibb Mərkəzinin nəzdindəki tibb müəssisələrinə 7 nəfər hospitalizasiya olunub.
Redaktor.az xəbər verir ki, bu barədə "Report"un yerli bürosuna Sumqayıt Tibb Mərkəzindən bildirilib.
Təcili Tibbi Yardım Xəstəxanasına 3 nəfər (qadın cinsli) yerləşdirilib. Onlardan 1998-ci il təvəllüdlü şəxs L1 fəqərəsinin sınığı və aşağı ətrafların parezi, 1984-cü il təvəllüdlü şəxs isə sol bud-çanaq oynağının çıxığı, sağ oturaq, qasıq sümüklərinin sınığı diaqnozları ilə Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyətləri ağır qiymətləndirilir.
Sağ gözətrafı dərialtı hematoma, qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi diaqnozları təyin edilən şəxs isə Təcili tibbi yardım şöbəsinə yerləşdirilib və müşahidə altındadır. Vəziyyəti orta ağır dəyərləndirilir.
4 nəfər isə (2 kişi, 2 qadın cinsli) Uşaq Xəstəxanasına hospitalizasiya olunub. Onlardan bud sümüyünün sınığı diqanozu təyin edilən 2009-cu il təvəllüdlü şəxs (kişi cinsli) Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
Bədənin müxtəlif nahiyələrində sıyrıntılar və əziklər diaqnozu təyin edilən digər 3 nəfərin (2009, 2010 və 2017-ci il təvəllüdlü) isə müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri orta ağırdır.
***
Bakı-Quba yolunda "KIA Sportage" idarəetmədən çıxaraq aşıb, beş nəfər xəsarət alıb.
Redaktor.az xəbər verir ki, bu sözləri “Report”a Baş DYP İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev deyib.
E.Hacıyev bildirib ki, hadisə saat 20:05 radələrində yolun 140-cı kilometrliyində qeydə alınıb.
Nəqliyyat vasitəsində ümumilikdə altı nəfər olub.
Xəsarət alanlar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.