İçdiyi viskinin şüşəsi ilə atasını öldürmüşdü - Cəzadan azad EDİLDİ

 16:50 21.02.2025     158

Sabirabadda atasını döyüb öldürməkdə ittiham olunan 43 yaşlı Xəyyam Səmədovun məhkəməsi başa çatıb. 

Redaktor.az-ın “Qafqazinfo”ya istinadla məlumatına görə, ailə faciəsi Lənkəran Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

İstintaq materiallarında qeyd edilir ki, Xəyyamın atası ilə mübahisələri həyat tərzinin yaratdığı gərginlik fonunda başlayıb. Övladının spirtli içkilərdən istifadəsi və digər xoşagəlməz hərəkətləri müntəzəm olaraq atası Mirtahir Səmədovun tənqidlərinə səbəb olub.

Sonuncu mübahisə də bunun üstündə düşüb. Gecə saatlarında Xəyyam yenə viski qəbul edib və atasının tənqidlərini qəbul etmək istəməyib.

İçkinin təsirindən özünü idarə edə bilməyərək əvvəlcə şüşə butulka ilə, daha sonra yumruq və təpiklə atasını vurub. Nəticədə ağır xəsarətlər alan 71 yaşlı Mirtahir Səmədov bir gün sonra xəstəxanada vəfat edib.

Xəyyam isə iki gün sonra həbs edilib. Ona qarşı ehtiyatsızlıqdan adam öldürmə (sanksiyasında 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur) maddəsi ilə ittiham elan edilib. 

Amma ilkin istintaq zamanı keçirilən tibbi ekspertizalar Xəyyamın cinayəti törətdiyi zaman psixoloji xəstəlikdən əziyyət çəkdiyini ortaya çıxarıb. Bütün bunlar ittiham tərəfinin araşdırmasının nəticəsidir.

Təqsirləndirilən şəxs isə məhkəmədə başqa şey danışıb. Xəyyamın dediyinə görə, hadisə günü Bakıda olub. Rayona qayıdanda isə ona atasının yıxılıb xəsarət aldığını deyiblər. Elə bu səbəbdən də vəfat edib. Psixoloji xəstəliyini də qəbul etməyən təqsirləndirilən şəxs özünün tam sağlam olduğunu bildirib.

Bu iş üzrə Xəyyamın əmisi mərhumun hüquqi varisi qismində tanınıb. O, qardaşının hansı səbəbdən öldüyünü bilmədiyini deyib. Bu səbəbdən də qardaşı oğlundan şikayətçi olmayıb.

Ayşən Vəliyevanın sədrlik etdiyi hakimlər ittiham və müdafiə tərəfini dinlədikdən, şahidləri dindirdikdən sonra ittiham olunan şəxsin anlaqsız vəziyyətdə cinayət törətdiyi qənaətinə gəliblər.

Yekun qərarla Xəyyam cinayət məsuliyyətindən və cəzadan azad edilib. O, hökm qanuni qüvvəyə minən kimi istintaq təcridxanasından Respublika Psixiatriya Xəstəxanasına köçürüləcək.