AYNA avtobusun qəzaya uğraması ilə bağlı açıqlama YAYDI

 11:26 07.03.2025     350

AYNA Neftçilər prospektində avtobusun qəzaya uğraması ilə bağlı açıqlama yayıb.

Redaktor.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən APA-a verilən məlumata görə, bu gün Neftçilər prospektində qəzaya uğrayan "Daewoo" markalı 10-TG-753 nömrəli avtobus “Fidan” MMC-yə məxsusdur:

"İlkin araşdırmalara görə, hadisənin avtobusun texniki nasazlığı səbəbindən baş verdiyi məlum olub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Sərnişindaşıma xidmətinin texniki tələblərinə cavab verməyən avtobusları istismar edən daşıyıcıdan izahat alınıb".

Qeyd edək ki, 53 nömrəli marşrut xətti müsabiqəyə çıxarılacaq və avtobuslar yeniləri ilə əvəzlənəcək.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.