“Bəzilərinin pulunu mətbuatdan çəkinərək qaytarıb”

 12:35 11.03.2025     203

Bakıda bir qrup vətəndaş aldadıldığını bildirir. Vətəndaşlar özünü vəkil kimi təqdim edən Səbiyyə Panəliyeva adlı qadının onların pulunu mənimsədiyini iddia edirlər. 

Redaktor.az xəbər verir ki, onlar bu şikayətlə bağlı “Qafqazinfo”ya müraciət ediblər. 

Şikayətçi Hüseyn Abdullayev bildirib ki, S. Panəliyeva vətəndaşların ümumilikdə 28 min manatdan çox pulunu ələ keçirib: “Səbiyyə özünü hüquqşünas kimi təqdim edərək insanlarla guya rəsmi müqavilə bağlayır. Vəkil olmadığı halda vətəndaşlardan order üçün pul tələb edir. Lakin onun Vəkillər Kollegiyasında belə adı yoxdur.

H.Abdullayev onun saxta instaqram hesabı işlətdiyini qeyd edib: “O, özünü sosial şəbəkələrdə vəkil kimi təqdim edir, hazırda istifadə etdiyi “huquq_merkezi_bhkm” adlı səhifədə saxta ünvan qeyd edib. Guya ki, hansısa hüquq bürosunun rəhbəridir. Bizə dedi ki, sizin məsələnizi həll edəcəm, ancaq pulumuzu mənimsədi. Bizə məlum oldu ki, bu şəxs dələduzdur. Mən də daxil olmaqla zərərçəkən şəxsləri təhqir edərək, hədələyir”.

Şikayətçinin sözlərinə görə, S.Panəliyevanın yaşayış qeydiyyatı Neftçalanın Kürkənd kəndi olsa da, hazırda Bakıda fəaliyyət göstərir: “Atası Neftçalada yaşayır, qeydiyyatı oradadır. Ancaq hazırda Bakıdadır, dələduzluq edir. Neftçala, Qazax və bir çox rayonlardan onun adına şikayətlər mövcuddur. 16 rayonda adına şikayət var. Məndən başqa vətəndaşlar - Leyla Xudiyeva, Nicat Yusifov, Tural Qurbanov, Akif Şıxəliyev, Gülər Məcidova, Şaiq Abdullayev də ondan şikayətçidir. Aidiyyəti orqana müraciət etmişik. Bəzilərinin pulunun sadəcə bir qismini mətbuatdan çəkinərək qaytarıb. Ancaq bizə dəymiş zərər tam olaraq ödənilməyib. Biz zərərimizin ödənilməsini tələb edir, dələduzun məsuliyyətə cəlb olunmasını istəyirik. Çünki o, azadlıqda olduğu müddətdə insanları aldadacaq. Bizdə ödənişlərin olduğuna dair qəbzlər və vatsap mesajları sübut kimi mövcuddur”. 

Vətəndaşların iddiası ilə bağlı qarşı tərəf Səbiyyə Panəliyeva ilə əlaqə saxladıq. O, saytımıza açıqlamasında bildirdi ki, iddialar həqiqəti əks etdirmir: “Vətəndaş Abdullayev Hüseynin haqqımda yaydığı iddialar əsassızdır. Şəxs bir neçə iş adamının nüfuzuna ziyan vurduğu üçün aidiyyəti orqana müraciət olunub. Anası oğlunun psixoloji problemlərinin olduğunu qeyd edib. Digər şəxslərə gəldikdə isə onlar mənə ödəniş etməyib. Vətəndaşlar haqqımda şər-böhtan xarakterli danışıqları üçün məhkəmə orqanına müraciət edilib”. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. DİN-in Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Lumu İsrəfilli bildirdi ki, hazırda bu barədə araşdırma gedir: “Vətəndaş Səbiyyə Panəliyeva tərəfindən bir neçə şəxsin hüquqazidd hərəkətlərə məruz qalması barədə ayrı-ayrı rayon polis orqanlarında müraciətlər var. Həmin müraciətlər əsasında araşdırmalar aparılır”.