Oleq Bakinski aclıq aksiyasına BAŞLADI

 18:00 12.03.2025     78

Bakıda həbs olunan ukraynalı milyonçu Oleq Krapivinin (Oleq Bakinski) və onunla birgə mühakimə edilən, Ukraynada müdafiə sənayesi nazirinin keçmiş müavini Kuçer Konstantin Antonoviçin məhkəmə araşdırması davam edir.

Redaktor.az Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclas Oleq Bakinskinin vəkilinin vəsatəti ilə başlayıb.

Vəkil müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini xahiş edib. Müdafiəçi deyib ki, Oleq Krapivin artıq aclıq aksiyasına başlayıb. Həmçinin az ağır cinayətdə ittiham edilir. Bu səbəblərdən ev dustaqlığına buraxılması ədalətli olar.

Məhkəmə vəsatəti əsassız sayaraq rədd edib.

Bu işdə şahidlərdən biri Azərbaycan Karate Federasiyasının (AKF) vitse-prezidenti Füzuli Musayevdir. Amma Musayev məhkəməyə sədrlik edən hakim Elnur Nuriyevin çağırışlarına gəlməyib.

İşin uzanmaması səbəbindən Federasiya rəsmisinin daha əvvəl müstəntiqə verdiyi ifadəsi elan edilib. F.Musayev deyib ki, hadisə günü cinayət işində göstərilən tərəfləri plazalardan birinə aparıb: “Mən onlar arasında problem olduğunu orada öyrəndim. Sonra ofis daxilində səs-küy yarandı. Biri deyirdi, sənin sənədlərin səhvdir, digəri inkar edirdi. İclas zalından çıxanda Valeriy Nikolayeviçin alnında xəsarət olduğunu gördüm. Başqa nə isə deyə bilmərəm”.

Amma müdafiə tərəfi ifadənin elanı ilə razılaşmayıb. Onlar Füzuli Musayevin hakim qarşısına gəlməsini istəyiblər. Məhkəmə bununla razılaşmayıb. 

Növbəti iclas iş materiallarının tədqiqi ilə davam edəcək (Qafqazinfo).