Bakıda narkotikin təsiri altında motosiklet idarə edən daha bir sürücü həbs edildi

 11:28 22.03.2025     175

Paytaxtda narkotik vasitənin təsiri altında motosiklet idarə edən daha bir sürücü həbs edilib.

Daxili İşlər Nazirliyin Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən sürücülük hüququ olmadan, dövlət qeydiyyat nişansız və səkidə piyadaların hərəkətinə maneə yaradan “Minsk” markalı nəqliyyat vasitəsinin sürücüsü Surac İbrahimov saxlanılıb.

Sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı S.İbrahimovun narkotik vasitə qəbul etməsi də müəyyən olunub.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə S.İbrahimov qırx beş gün müddətinə inzibati qaydada həbs edilib.