Şimal bölgəsində 5 kənddə YANĞIN

 16:18 31.03.2025     197

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xaçmaz rayonunun Qalağan, İstisu, Xaspoladoba, Canaxır kəndələrində və Quba rayonunun Küsnət kəndi ərazisində açıq ərazidə yanğın baş verməsi barədə məlumatlar daxil olub.

Redaktor.az xəbər verir ki, bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumatlarla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Xaçmaz, Şabran və Quba rayonlarının Yanğından Mühafizə hissələrinin qüvvələri yanğınların söndürülməsinə cəlb olunub.

Xaçmaz rayonunun Xaspoladoba kəndi və İstisu qəsəbəsi ərazisindəki yanğınlar havanın küləkli olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Əməliyyat şəraitinə uyğun olaraq hazırda digər yanğınların söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. 

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, hazırda bəzi ərazilərdə müşahidə olunan küləkli hava şəraitini nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.