Yanğına görə Mərkəzin vəzifəli şəxsi CƏRİMƏLƏNDİ

 13:10 15.04.2025     211

Səhiyyə Nazirliyi Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin baş mühasibi barəsində protokol tərtib edilib

Redaktor.az xəbər verir ki, protokol Bakı şəhəri Binəqədi rayon Məhkəməsi tərəfindən təsdiq edilib.

Məhkəmə sənədlərində qeyd olunur ki, onun “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nı pozması Zəngilan Epidemiologiya Mərkəzinin “Aydın” ticarət mərkəzində yerləşən eyvanında yanğına səbəb olub.

Hadisə 23 noyabr 2023-cü il tarixdə saat 20 radələrində baş verib. Binanın ikinci mərtəbəsinin Zəngilan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin istifadəsində olan eyvanda, tavan səviyyəsində keçən və gərginlik altında olan elektrik naqillərində yaranmış qısaqapanmadan atılan qığılcımlar döşəmə üzərinə yığılmış yanar maddələri alışdırıb.

Nəticədə həmin vaxt binanın birinci mərtəbəsinin pilləkən qəfəsində olan şəxs xəsarət alıb.

Təqsirləndirilən şəxs məhkəmə tərəfindən Cinayət Məcəlləsinin 225.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 (dörd min) manat miqdarında cərimə cəzasına məhkum edilib. Eyni zamanda onun haqqında “başqa yerə getməmək haqqında iltizam” seçilib (modern.az).