Fermerin 25 minlik camış və keçilərini satan çobanla bağlı QƏRAR VERİLDİ

 10:01 24.04.2025     181

Sumqayıt Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən Alim Yusiflinin (soyadı şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Redaktor.az pravda.az-a istinadla xəbər verir ki, hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Xaçmaz Rayon Məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxsin 2 il müddətə azadlıqdan məhrumetmə cəzası 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası ilə əvəz olunub. Onun həbsdə saxlanıldığı müddət cəzadan çıxılmaqla Alim Yusiflinin üzərində qəti olaraq 6 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

İttihama görə, Alim Yusifli 04 mart 2020-ci il tarixdən 2020-ci ilin may ayının sonlarınadək zərərçəkmiş Etibar Fərəcovun (soyadı şərti) Xaçmaz rayonu, İstisu qəsəbəsi ərazisində yerləşən fermasında camışlara və keçilərə çobanlıq edib. Zərərçəkmiş bunun müqabilində zəhmət haqqı olaraq ona hər ay 350 manat əmək haqqı verib. Alim sözügedən müddət ərzində Etibar Fərəcovun ümumilikdə 25440 manat dəyərində camış və keçilərini sataraq pulunu mənimsəyib.

Daha sonra o, Etibar Fərəcovun şikayəti əsasında saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.