“Bandotdel”in axtardığı şəxs Ukraynada tutularaq Bakıya GƏTİRİLDİ

Beynəlxalq axtarışda olan şəxsin Ukraynadan ölkəmizə ekstradisiyası təmin olunub.
Redaktor.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Azərbaycan vətəndaşı Vəliyev Hikmət Xanlar oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Ukrayna tərəfindən təmin edilib.
Belə ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ibtidai istintaq edilən cinayət işi üzrə H.Vəliyevin Cinayət Məcəlləsinin 182.4-cü (xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədilə hədə qorxu ilə tələb etmə) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.
O, Ukraynanın ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə bu gün Azərbaycana gətirilib.