13 yaşlı qızdan 82 minlik qızıl alan oğlanın cəzası kəskin artırıldı

 10:46 28.04.2025     206

Bakıda 13 yaşlı qızı aldadaraq külli miqdarda qızıl və pul aldığına görə məhkum edilmiş şəxsin cəzası ağırlaşdırılıb.

Redaktor.az-ın “Qafqazinfo”ya istinadla məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cəlilabad rayon Göytəpə şəhər sakini 2003-cü il təvəllüdlü E.Məmmədova verilmiş 6 il həbs cəzasından apellyasiya şikayəti verilib.

Həm dövlət ittihamçısı, həm də zərərçəkmiş tərəf cəzanın ağırlaşdırılmasını, məhkum isə ona bəraət verilməsini tələb edib.

Bakı Apellyasiya Məhkəməsinin hökmü ilə yeniyetmə qızı aldadaraq 82 minlik qızıl və pul almış E.Məmmədovun barəsindəki hökm dəyişdirilib. Ona 10 il 6 aylıq həbs cəzası verilib.

Gənc oğlan Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda zərər vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinib.

İstintaqla müəyyən edilib ki, E.Məmmədov instaqram sosial şəbəkəsində orta məktəbin 7-ci sinif şagirdi olan Aytacla (ad şərtidir) tanış olub. Onlar arasında səmimi münasibət yaranıb və E.Məmmədov yeniyetmə qıza biznes qurmaq istədiyini bildirib.

Bundan sonra Aytac yaşadığı evdəki seyfdən gizli şəkildə 2500 manat, 3 min dollar və 80 min manata yaxın dəyəri olan qızıl-zinət əşyalarını götürərək Xətai rayonu Süleyman Vəzirov küçəsindəki binanın dəhlizində E.Məmmədova verib.

Hadisənin üstü açılandan sonra Aytac E.Məmmədovun ona hədə-qorxu gələrək pul və qızılları aldığını bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə iş başlanılıb. Lakin məhkəmə istintaqı zamanı hədə-qorxu iddiası təsdiqini tapmayıb və gənc oğlanın məktəbli qızı aldadaraq külli miqdarda qızıl və pul alması müəyyən edilib. Bu səbəbdən məhkəmə ona dələduzluq cinayəti üzrə cəza təyin edib.

Qeyd edək ki, E.Məmmədov əldə etdiyi pul və qızıl-zinət əşyaları vasitəsilə özünə 8-ci kilometr bazarında ayaqqabı mağazası açıbmış.