Azərbaycanda qadın qohumunu öldürən fizika müəllimi: “Qızılları satıb keçi aldım...” - TƏFƏRRÜAT

 15:14 02.05.2025     212

Yevlax rayonunda qadını xüsusi amansızıqla qətlə yetirməkdə ittiham olunan 1986-cı il təvəllüdlü Elnur Hüseynovun məhkəməsi başa çatıb.

Redaktor.az-ın teleqraf.az-a istinadla məlumatına görə, Ağdərə rayonu Çələkdar kənd sakini Elnur Hüseynov çoxsaylı cinayətlərdə təqsirli bilinib. O, Göygöl rayonunun Çaykənd kəndində yaşadığı 2019-2021-ci illərdə 10-dan çox vətəndaşa məxsus mal-qaranı oğurlayıb.

Bundan başqa, 7 aprel 2021-ci ildə gecə saat 1 radələrində Göygöl rayonunun Toğanalı kəndində yerləşən “Göyəzən” kafesini qisas məqsədi ilə yandıraraq oranın sahibinə 40 min manatdan artıq ziyan vurub. 14 sentyabr 2021-ci ildə gecə saat 4 radələrində başqa bir şəxslə birgə Çaykənddə evdən oğurluq edib, izi itirmək məqsədilə evi yandırıb. Nəticədə ev sahibinə 52 min manata yaxın ziyan dəyib.

Elnur Hüseynovun törətdiyi ən ağır cinayət hadisəsi Yevlax rayonunda olub. 14 aprel 2021-ci ildə o, Yevlax rayonu Aşağı Bucaq kəndindəki sexdə arvadının xalası, 1968-ci il təvəllüdlü iş adamı Səidə Hüseynovanı qətlə yetirib.

O, qayınanasının bacısı Səidə Hüseynovanı tamah məqsədilə öldürüb. Qətldən sonra onun 1500 manat və 900 ABŞ dolları pulunu, eləcə də qızıl-zinət əşyalarını götürüb. Daha sonra özü ilə gətirdiyi dizel yanacağını meyitin üzərinə və sexin müxtəlif hissələrinə səpələyərək yandırıb. Səidə Hüseynovaya ümumilikdə 66 277 manat məbləğində ziyan dəyib.

18 epizod cinayət, 11 maddəlik ittiham

Elnur Hüseynovun ümumilikdə 18 cinayət əməli məlum olub. Bu əməlləri o, işlədiyi məktəbdə dərsdən sonra, əsasən istirahət günləri, növbəli olaraq mal-qara otardığı vaxtlarda elədiyini boynuna alıb.

İstintaq orqanı tərəfindən Elnur Hüseynovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.5 (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə), 120.2.6 (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə), 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 177.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq törətmək), 177.2.2 (təkrar oğurluq törətmək), 177.2.3 (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törətmək), 177.2.4 (xeyli miqdarda ziyan vurmaqla törətmək), 181.3.3 (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq törətmək), 186.2.1 (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə) və 186.2.2-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə - yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib.

“Münasibətlərimiz soyudu və küsülü olduq”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elnur Hüseynov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, rəsmi nikaha daxil olmaqla ailə qurub, 4 övladı – 2 oğlu, 2 qızı var:

“Göygöl rayonu Çaykənd kəndində yerləşən Kəlbəcər rayonu 58 saylı tam orta məktəbində fizika müəllimi işləmişəm. Qətlə yetirdiyim Səidə Hüseynova arvadım Qaratel Hüseynovanın xalasıdı. Səidə ilə ədavətim yaranmışdı. Əvvəllər münasibətlərimiz normalıydı.

Təxminən 2014-2015-ci illərdə ehtiyacım olduğu üçün Səidədən 1000 manat borc götürdüm. Borcu məzuniyyət pulu alanda ödəyəcəyimə söz vermişdim. Pulu vaxtında qaytara bilmədiyim üçün Səidə Çaykənd kəndində yaşadığım evə gəldi, pulunu tələb etdi. Mən də uşaqlarım üçün aldığım kompüteri 1000 manat pulun əvəzində Səidəyə verdim. O, kompüteri 500 manata hesablayacağını dedi. Mən isə kompüteri 1110 manata aldığımı, borcumun əvəzində verdiyimi bildirdim. Bundan sonra Səidə ilə münasibətlərimiz soyudu və küsülü olduq”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2021-ci il aprelin 14-də saat 13-14 radələrində yaşadığı Çaykənd kəndində evindən çıxıb və “Sentr” adlanan yola tərəf gedib: “Taksi sürücüsü Yolçunun "VAZ 2107" markalı avtomobilylə Göygöl şəhərinə, avtovağzal olan yerə getdik. Kənddən Göygöl şəhərinə təxminən 30-40 dəqiqəlik yoldur. Biz avtovağzala çatanda saat təxminən 14 radələri olardı. Həmin gün Səidə Hüseynovanı öldürməyi planlaşdırmışdım.

Avtovağzalda hələ erkən olduğunu düşündüm və ətrafda gəzişdim. “Əminə” marketə daxil oldum. “Bizon”, “Snikers” və kibrit aldım, çayxanada oturub çay içdim”.

“Yolda sürücüyə dedim, maşını asta sür”

Elnur Hüseynovun ifadəsinə görə, təxminən saat 18 radələrində avtovağzalın yanında dayanan taksilərdən birinin sürücüsünə yaxınlaşıb: “Mən evdən çıxarkən telefonumu birinci mərtəbədə sol pəncərənin yanına qoymuşdum. Düşündüm ki, hadisəni törətdikdən sonra hüquq-mühafizə orqanları olduğum yeri telefon vasitəsi ilə tapa bilərlər, ona görə telefonu özümlə götürmədim.

Avtovağzalın yanında dayanmış taksi sürücüsündən telefonunu verməsini xahiş etdim və sifarişlə taksi çağıracağımı bildirdim. O da telefonu mənə verdi, Yevlax rayonu Xaldan kəndinə taksi sifariş verdim. Taksinin xidmət haqqı təxminən 25-28 manat elədi.

Bir neçə dəqiqə sonra nömrəsini xatırlamadığım “Opel Astra” markalı avtomobil dayandığım yerə gəldi, yola düşdük. Avtomobillə Göygöl rayonu ərazisindən Gəncə şəhərinə daxil oldum, oradan da magistral yola çıxmalı olduq.

Gəncə şəhərini çıxmağa az qalmış yanacaqdoldurma məntəqəsində taksini saxlatdım və dizel yanacağı alacağımı bildirdim. Yanacaqdoldurma məntəqəsindən 2 litrlik butulkada dizel yanacağı aldım. Butulkanı məntəqənin işçisi tapdı.

Dizel yanacağını aldıqdan sonra taksiyə əyləşdim, sürücüdən maşını yüksək sürətlə idarə etməməyini xahiş etdim”.

“Sən burda nə gəzirsən?”

Elnur Hüseynov qeyd edib ki, saat 21-22 radələrində Yevlax rayonu Xaldan kəndinə çatıb, körpünü keçəndən sonra avtomobili saxladıb: “Ödənişi edib maşından düşdüm. Yolun əks istiqamətinə keçdim, orada sərnişin dayanacağı vardı. Dayanacağın arxa tərəfi ilə Səidəyə məxsus cücə sexinə gedən yola döndüm. Dizel yanacağı olan butulkanı əlimdə tutmuşdum. Belimin sol tərəfində, kəmərdə açılıb-bağlanan bıçaq da vardı. Yolla sexə tərəf getdim.

Sexdən hündür boy, orta yaşlı bir kişi çıxdı, avtomobilə əyləşərək sexdən getdi. Bundan sonra ətrafda heç kəsin olmadığını gördüm və cücə sexində olan darvazaya yaxınlaşdım. İçəri keçib əlimdə olan butulkanı setkanın çöl sağ tərəfində qoydum. “Ay Səidə xala, ay Səidə xala” deyərək səsləndim. Kəmərimdəki bıçağı sol əlimlə çıxararaq düyməsinə basıb açdım.

Səidə qapını açdı. Onun qapını hansı istiqamətə açdığını xatırlamıram. Məni görən kimi “burda nə gəzirsən” demək istəyəndə bıçağın arxa küt tərəfi ilə başının sağ tərəfindən vurdum. Səidə arxası üstə yerə yıxıldı, huşunu itirdi. Bu vaxt qulağındakı sırğanı gördüm. Lakin sırğanı götürə bilmədim.

Səidənin hələ sağ olduğunu bildiyim üçün sol əlimdə olan bıçaqla onun ürək, sinə və qarın nahiyələrindən təxminən 4-5 dəfə vurdum. Öldüyünə əmin olduqdan sonra otağı axtarmağa başladım.

Əvvəlcə Səidənin otağa girəndə sol tərəfdə olan stolun üzərindəki çantasına baxdım. Çantadan pulları götürdüm. Həm Azərbaycan manatı, həm də ABŞ dolları vardı. Taxtın baş hissəsində döşəyi qaldırdım, parça materiala bükülmüş qızıl-zinət əşyalarını tapdım. Bükülünü iç yan cibimə qoydum”.

“Sexi yandırdım”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, geri qayıdaraq dizel yanacağını qoyduğu yerdən götürüb və yenidən Səidə Hüseynovanın olduğu otağa daxil olub: “Butulkanın ağzını açdım, dizeli Səidənin bədəni üzərinə, yataq taxtına, otağın döşəməsinə səpələdim.

Dizeli ətrafa tökməmişdən öncə əlimi və bıçağı yataq taxtındakı mələfəyə sildim. Bıçağı otaqda sol tərəfdə olan oturacaq stulunun üzərinə qoydum. Butulkanı da otağın içərisinə atdım. Kibriti yandırdım, yanacağı tökdüyüm yerlərə tutdum. Sex yanmağa başladı. Gəldiyim yolla sexdən çıxdım.

Cücə sexində təxminən 10 dəqiqə oldum. Daha sonra darvazadan çıxdım və yolun sağ istiqaməti ilə asfalt yola tərəf getdim”.

“Dəfn mərasiminə çatdıq”

Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərib ki, Yevlaxdan Gəncə şəhərinə, oradan da Gülüstan qəsəbəsinə gedib:

“Taksidən düşüb darvazaya yaxınlaşdım, giriş qapısının açıq olduğunu gördüm. Səidəyə məxsus cücə sexindən götürdüyüm pulları və qızıl-zinət əşyalarının olduğu bağlamanı həyətdə sol tərəfdə yerləşən hin və yardımçı tikili kimi istifadə olunan tikiliyə qoydum. Ertəsi gün Çaykənd kəndində olan evimə getdim. Yaşadığım evin qapısını döydüm, həyat yoldaşım Qaratel qapını açdı. O, xalası Səidənin cücə sexində yanaraq öldüyünü dedi və Yevlax şəhərinə getməli olduğumuzu bildirdi. Mən də razılıq verdim.

Kənddə yaşayan Həsən adlı taksi sürücüsünə zəng edərək gəlməsini xahiş etdim. Arvadım və 3 uşağım paltarlarını geyindilər. Bükülüdəki qalan zinət əşyalarını da həyətdəki dəmir çardağın altında, şkafın aşağı tərəfində olan sol qapını açaraq içərisinə qoydum.

Daha sonra evin birinci mərtəbəsindən "padval" dediyimiz yaşayış otağına getdim, gödəkçəmin hər iki cibində olan pulları divanın altına qoydum. Sonra ailə üzvlərim ilə birlikdə Yevlax şəhərinə gəldik.

Biz ora çatanda meyiti qəbiristanlığa aparırdılar. Dəfn mərasiminə çatdıq”.

“Pula keçi aldım”

Elnur Hüseynov bildirib ki, dəfn qurtardıqdan sonra həyat yoldaşı Qaratel və 3 uşağı Yevlax şəhərində qalıblar: “Mən isə Çaykəndə qayıtdım. Həyətdə əvvəlcə çardağın altında şkafdakı bükülüyə baxdım. Bükülünün içərisində 2 komplekt üzük və sırğası, habelə 5-6 ədəd də qızıl üzük vardı. Bükülünü bağlayaraq götürdüyüm yerə qoydum.

"Padval"a getdim, divanın altına qoyduğum pulları götürüb saydım. Təxminən 1500 manat və 800-900 dollar vardı. Onları da götürdüyüm yerə qaytardım. Sonra evə girib yatdım.

İki-üç gün sonra həyat yoldaşım uşaqlarla birlikdə qayıtdı. Törətdiyim hadisədən təxminən 1 həftə sonra yanıbalalı keçi almaq qərarına gəldim. "Padval"dan 1500 manatı götürüb Gəncə şəhərinə mal bazarına getdim. Fariz adı şəxsdən 7 baş yanıbalalı keçi, növbəti həftə isə 18 baş keçi aldım. Farizə ümumilikdə 2500 manat pul verməliydim, amma 1500 manat verdim. Qalan 1000 manatı 2021-ci ilin aprel ayının sonunda verəcəyimi bildirdim. Ondan əvvəllər də heyvan alıb-satdığıma görə nisyə verirdi.

Bir neçə gün sonra heyvanlar xəstələnərək ölməyə başladı. 2021-ci ilin may ayının ortalarında heyvanları həmkəndlim Elmanın yük maşını ilə Gəncə bazarına apardım. Heyvanların şəkillərini çəkdim, Farizə qaytardım.

Fariz isə pulu bir dəfəyə qaytara bilməyəcəyini bildirdi. 1500 manat puldan 2 dəfəyə hissə-hissə 1000 manatını verdi. Pulun bir hissəsi onda qaldı”.

“Pulu dərmanlara xərclədim”

Elnur Hüseynovun sözlərinə görə, 2021-ci ilin may ayının sonlarında evdə divanın altında gizlətdiyi 800-900 ABŞ dolları məbləğində pulu götürüb və Gəncə şəhərinə gələrək “Köhnə avtovağzal” deyilən yerdə valyuta dəyişmə məntəqəsinə gedib: “Təxminən 1500 manat aldım, Çaykəndə qayıtdım. Orada “1001 xırdavat” dükanına olan 300 manat borcumdan 200 manatını ödədim. Qalan pulu evə və anamın onkoloji xəstəliyi ilə əlaqədar dərmanlara xərclədim”.

Elnur Hüseynov qeyd edib ki, təxminən 2021-ci ilin may ayının 25-də çardağın altında şkafa qoyduğu bükülüdəki qızıl-zinət əşyalarını götürüb və adını xatırlamadığı taksi ilə Göygöl şəhərinə gedib:

“Əvvəlcə əlimdə olan qızılları bir neçə yerdə yoxlatdırdım. Qızılları “lom” qiymətinə, yəni yarı qiymətə hesabladılar. Saat təxminən 12-13 radələrində qızıl dükanı işlədən “Ata-oğul” deyilən şəxslərin yanına getdim. Bir komplekt sırğa və üzük, bir neçə üzük, rekert qolbağı satdım, qarşılığında 1200 manat pul aldım. Məni tanıdıqları üçün sənəd tələb etmədilər.

Qızılların qalan hissəsini Gəncə şəhərində “Univermaq” adlanan alış-veriş mərkəzində üzdən tanıdığım orta yaşlı kişiyə satdım. Mənə təxminən 1600-1700 manat verdi. Ümumilikdə 2800-2900 manat pul əldə etdim. Onu da ehtiyaclarıma sərf etdim”.

“Səidəni üç dəfə öldürməyi planlaşdırmışdım”

Elnur Hüseynov qeyd edib ki, hadisəni törətdiyi gündən, yəni 14 aprel 2021-ci il tarixdən təxminən 15 gün əvvəl Səidəni öldürməyi və ona məxsus pulu, qızıl-zinət əşyalarını ələ keçirtməyi planlaşdırıb:

“Hətta bundan əvvəl 2 dəfə, yəni 2020-ci ilin fevral ayında və 2021-ci ilin əvvəllərində də Səidə Hüseynovanı öldürməyi, əmlakını ələ keçirtməyi planlaşdırmışam. Lakin sonra fikrimdən daşınmışdım. 2020-ci ilin fevral ayında qaynım Süleymanın oğlunun sünnət mərasimində iştirak edərkən Səidəni orada gördüm və həmin vaxt məndə Səidəyə qarşı qıcıq əmələ gəldi. Buna görə onu öldürmək istədim”.

Daha sonra təqsirləndirilən şəxs digər cinayət əməllərini də etiraf edib və özünü təqsirli sayıb. O, oğurluq, quldurluq, başqasının əmlakını qəsdən məhv etməklə bağlı ifadəsində geniş danışıb.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elnur Hüseynov 19 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasının ilk 3 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə onun şikayəti təmin olunmayıb.

Bundan sonra kasasiya şikayəti verilib. Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara görə, kasasiya şikayəti təmin olunmayıb.