Məzahir Pənahovun oğlu arvadına işgəncə verib - AĞIR İTTİHAMLAR

 15:54 02.05.2025     236

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun gəlini həyat yoldaşı Məhəmməd Pənahov tərəfindən şiddətə məruz qaldığını deyir.

Redaktor.az xəbər verir ki, o, haqqin.az-a müraciət edərək hadisənin ABŞ-də baş verdiyini iddia edib və Azərbaycana qaçaraq həyatda qala bildiyini vurğulayıb.

Onun sözlərinə görə, həyat yoldaşı spirtli içki aludəçisi olub. Qadın bildirib ki, əri pivəni içdikdən sonra boş butulkaları onun üzərinə atıb. Bu zaman xanım hamilə olduğunu bildirib. Şikayətçinin sözlərinə görə, şiddətə məruz qaldığı belə insidentlərdən biri zamanı övladını itirib. 

O, 17 ay birgə yaşadıqdan sonra Kaliforniyada qaldıqları villadan qaçmağa qərar verib. Məlumata görə, qadının valideynləri və qohumları dəfələrlə ona Kaliforniyada polisə müraciət etməyi tövsiyə ediblər, lakin o, Bakıya qaçaraq xilas olub. 

Qeyd olunub ki, Pənahovun oğlu Bakıda olan həyat yoldaşına zəng edərək onu hədələyib. Nəticədə qadın boşanma iddiası ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edib. 

Sayt yazır ki, həmin dövrdə işsiz olan M.Pənahov Los-Ancelesin prestijli bölgəsində 2.035.400 dollara dəbdəbəli villa alıb. Bildirilib ki, cütlük ABŞ-də maliyyə çətinliyi çəkməyib və onların “Halifax”, “Natwest” kimi Britaniya, eləcə də ABŞ və Dubay banklarında hesabları olub.

Məlumat üçün bildirək ki, cütlük 2022-ci il iyunun 28-də Bakıda ailə həyatı qurub, daha sonra Los-Ancelesə köçüb.