Ağdaşda müğənni ilə gitaraçı arasında qanlı olayın təfərrüatı: həm dost, həm də qohumdurlar

 13:01 07.05.2025     157

Ağdaşın Kotavan kəndində Əhmədiyə Qurbanovun Yusif Hüseynovu bıçaqlanmasına səbəb olan hadisə ilə bağlı bəzi təfərrüatlar ortaya çıxıb.

Redaktor.az-ın teleqraf.az-a istinadla xəbərinə görə, rayon ərazisində musiqiçi kimi fəaliyyət göstərən bu iki şəxsin mübahisəsi toy üstündə olub. Yusif Hüseynov Əhmədiyə Qurbanovla toy sifarişlərinə getmək istəməyib.

Hadisə zamanı xəsarət alan Yusif Hüseynov Ağdaş şəhərində yaşayır, Əhmədiyə Qurbanov isə Binələr kəndində qeydiyyatdadır. Hər ikisi müvəqqəti olaraq Kotavan kəndində məskunlaşıblar. Onlar birlikdə kəndələrdə təşkil olunan məclislərə gedirlər. Həm dost, həm də yaxın qohumdurlar. Əhmədiyə gitarist, Yusif isə müğənnidir.

Hadisə bu gecə saat 1 radələrində Kotavan kəndində baş verib.

Yusif Əhmədiyəni daha toylara aparmaq istəməyib. Bundan əsəbiləşən Əhmədiyə Yusiflə mübahisə edib. Mübahisə qanlı olayla nəticələnib.

Kənd sakinlərindən biri deyib ki, Yusif Hüseynov hazırda əməliyyat olunur, onun mədə boşluğunda qanaxma var. Vəziyyətinin ağır olduğu deyilir.

Rəsmi məlumata görə, 1965-ci il təvəllüdlü Əhmədiyə Qurbanov bıçaqla 53 yaşlı Yusif Hüseynovun qarın və kürək nahiyəsinə xəsarət yetirib. O, dərhal xəstəxanaya çatdırılıb.

Əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub.