Ərinin sevgilisi ilə mübahisə etdi, oğluyla birlikdə döyüldü, adam BIÇAQLADI

 16:21 08.05.2025     83

Ordubad Rayon Məhkəməsində həmkəndlisini bıçaqlamaqda təqsirləndirilən Məlahət Ağayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Redaktor.az xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Ağayevaya 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib və ona elektron qolbaq tətbiq olunub.

İttihama görə, hadisə Naxçıvan-Ordubad yolunda baş verib. Ordubad rayon sakini M.Ağayeva şəxsi işləri ilə bağlı Culfa şəhərinə gedib. Evə qayıdanda qızıllarının arasında olan üzüyünün birinin yoxa çıxdığını bilib və bu barədə ərinə məlumat verib. Əri hadisədən xəbərsiz olduğunu deyib.

Bir müddət M.Ağayeva üzüyü axtarsa da, tapa bilməyib. Bir gün eşidib ki, o, Culfa şəhərində olarkən həyat yoldaşı evə həmkəndlisi Şəfaqət adlı qadını gətirib və həmin qadınla yaxın münasibətdə olub. Ona məlum olub ki, qızıl üzüyünü Şəfaqət oğurlayıb.

Qadın evdən çıxaraq Şəfaqətgilə gedib və ona məxsus qızıl üzüyü onun oğurladığını deyib. Qadınlar arasında mübahisə yaranıb.

Həmin vaxt Şəfaqətin həyat yoldaşı Elşən də həmin əraziyə gələrək qadını döyüb və onun həyat yoldaşına şər atdığını bildirib. Bu vaxt məsələyə Məlahətin yeniyetmə oğlu müdaxilə edib. Elşən onun oğlunu da döyüb. Bunu görən Məlahət Şəfaqətin evindən götürdüyü bıçaqla Elşənə xəsarət yetirib.

Məlahət evinə qayıdarkən polislər tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb (oxu.az).