Bakıda avtobus sürücüləri arasında dava - Dispetçerə HÖKM OXUNDU

Xəzər Rayon Məhkəməsində avtobus sürücüsünə xəsarət yetirməkdə təqsirləndirilən Elçin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Redaktor.az xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə E.Məmmədova 6 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
İttihama görə, E.Məmmədov Bakıda 160 saylı marşrutda dispetçer, qardaşı Rövşən isə həmin marşrutda sürücü işləyib. Qardaşının idarə etdiyi avtobusda hərəkətdə olarkən 169 saylı xətt marşrutunda işləyən avtobus onların nəqliyyat vasitəsinin qarşısına keçərək dayanacağa yaxınlaşıb. Bu vaxt hər iki sürücü mübahisə edib. 169 saylı marşrut avtobusunun sürücüsü Vahid Rövşənin ailəsini söyüb. Nəticədə Rövşən və avtobusda olan qardaşı Elçin Vahidlə dava edib. Dava zamanı Elçin Vahidi döyərək bədəninin müxtəlif nahiyələrinə baş və təpiklə zərbələr endirib.
Faktla bağlı cinayət işi başlayıb və iş məhkəməyə göndərilib (oxu.az).