Sabirabadda körpü su altında qaldı, kəndlərlə əlaqə çətinləşdi

Sabirabad rayonunda panton körpünün quru hissəsi su altında qalıb, kəndlərə gediş-gəliş çətinləşib.
Redaktor.az “Report”a istinadən xəbər verir ki, Kür çayının rayonun ərazisindən keçən hissəsində suyun səviyyəsi xeyli qalxıb. Nəticədə çayın Ulacalı kəndindən keçən hissəsində körpünün quru ilə əlaqəsi kəsilib.
Aramsız yağışlar nəticəsində Ulacalı, Qəzli, Quruzma, Kovlar və Yenikənd kəndlərinin sakinlərinin Bakı-Qazax magistral avtomobil yolundan istifadə etmələri çətinləşib.
Sakinlər bildirib ki, kəndlərə getmək üçün əlavə olaraq 15 km məsafə qət edərək Surra kəndində yerləşən körpüdən istifadə etmək məcburiyyətində qalırlar.
Gediş-gəlişin bərpa olunması üçün əraziyə texnikalar cəlb edilib, lazımi tədbirlər görülür.
Qeyd edək ki, Ulacalı və Quruzma kəndlərini birləşdirən körpü 2000-ci ildə istifadəyə verilib.