Üstünə reklam lövhəsi aşan qadının ölüm işi: hansı məsul şəxslər məsuliyyətdən kənarda qalıb? – DETALLAR

2023-cü il sentyabrın 19-da Naxçıvanda 1963-cü il təvəllüdlü Zümulə Həsən qızı Qafarovanın faciəvi şəkildə ölümündə 1977-ci il təvəllüdlü iş icraçısı Elbəy Rəhimov təqsirli bilinib.
Redaktor.az xəbər verir ki, Naxçıvan Şəhər Prokurorluğu tərəfindən Elbəy Rəhimovun barəsində Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq - eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ititham elan edilib.
Cinayət işinin başlanmasına səbəb 19 sentyabr 2023-cü ildə Naxçıvan şəhəri, Əziz Əliyev küçəsində quraşdırılan reklam lövhəsinin Zümulə Qafarovanın üzərinə aşması, bir neçə saat sonra qadının ölməsi hadisəsi olub.
Naxçıvan şəhər Polis İdarəsi daxil olmuş məlumat əsasında cinayət işi açıb.
“Müqavilə küçədə bağlandı”
Naxçıvanda reklam lövhələrinin quraşdırılması layihəsini öz üzərinə götürən "Brend Media Group” şirkəti lövhələrinin hazırlanması işini Rəhimov Elbəyi Akif oğluna tapşırıb. Bu, "Brend Media Group”la Elbəyi Rəhimov arasında ilk əməkdaşlıq deyilmiş.
Əslində "Brend Media Group” Naxçıvandakı işlərin görülməsini "Focus Media”ya tapşırıb. Elbəy Rəhimov da bu işi “Focus Media” MMC-dən müqavilə əsasında alıb.
MMC-nin məsul şəxsləri Yusif Bəylərli və İslam Qurbanovdur. Elbəy Rəhimov işi öz işçiləri Rövşən Əliyev və Mayis Əliyevlə birlikdə icra edib.
Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Elbəy Rəhimov özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, hadisə zamanı o özü Bakıda olub. İşi “Focus Media”dan götürübmüş, icraçı özüymüş: “Hadisədən heç bir məlumatım olmayıb. Olay baş verən zaman müqavilə bağladığımız şirkət orada olub. İşə başlanılması göstərişini mən verməmişəm.
İşi şirkət sahibi verib, onunla birlikdə işləmişik. Bizə nə deyirdilərsə, onu da edirdik. İstintaq zamanı işi mən götürdüyüm üçün özümü təqsirli bildim. Sonradan işi özüm götürsəm də, göstərişi mən vermədiyimi başa düşdüm. Göstərişim olmadan reklam lövhəsini quraşdırdılar, konstruksiyaların düzəldilməsini isə mən etmişdim. Yəni reklam lövhələrinin quraşdırmasını mən etməmişəm.
Müqavilədə quraşdırılma nəzərdə tutulsa da, onu mən icra etməmişəm. Betonun tökülməsi də bizim üzərimizdə olmayıb, müqavilədə bu barədə heç nə yazılmayıb. Onu da deyim ki, müqavilə küçədə bağlandı. Daha doğrusu, müqavilə Bakıda Nobel prospektində imzalandı. Eynəyim olmadığı üçün müqaviləni oxumadım”.
“Naxçıvana gəlməli oldum”
Təqsirləndirilən şəxs qeyd edib ki, 30 il bu işlə məşğul olub, görəcəyi işləri həmişə şifahi danışıb: “Mən əvvəlcə Naxçıvanda iş görəcəyimizi bilməmişdim. İcraçı olduğum üçün məsuliyyəti üzərimə götürdüm. İslam Qurbanov Naxçıvanda şirkətin nümayəndəsi kimi təmsil olunub, reklam yerləşdirilməsi üçün çalaları o qazdırıb, betonu o gətirib. Bəlkə bu işi də ona başqası tapşırıb, yaxud məsləhət görüb.
Mən İslamı şirkətdən tanıyırdım. O bizə: “Mən gedirəm, siz özünüz buradasız” - dedi. Reklam lövhələrinin düzəldilməsinə görə pul verilirdi. Mənim anbardan gətirdiyim işçilər işləyirdi. Reklam lövhəsi mənim göstərişimlə taxılmalıydı. Amma beton tökdürməq, çala qazdırmaq mənim öhdəmdə deyildi.
30 ilə yaxın bu işlərlə məşğul olmuşam, “Focus Media” ilə isə ilk dəfə işləyirdim. Mən Naxçıvan şəhərinə baş vermiş hadisədən sonra gəlməli oldum. Hətta müqaviləni də hadisədən sonra bağladıq. Bu iş üzrə müxtəlif müqavilələr bağlamalı olduq”.
“Şirkət nə tapşırıbsa, onu ediblər”
Elbəy Rəhimov bildirib ki, hadisə barədə ona işçisi Mayis Həsənov telefonda məlumat verib: “Xammalı Naxçıvana gətirib reklam lövhələri hazırladıq. Daşınması mümkün olmadığı üçün xammal hissə-hissə gətirilir və hazırlanırdı. Sentyabr ayının 19-da reklam quraşdırılması nəzərdə tutulmamışdı. Bu səbəbdən Bakıya qayıtdım.
İşi görənlər - Mayislə Rövşən mənə tabe idilər. İslam isə sifarişçi şirkətdən nümayəndə kimi iştirak edirdi. Sənəd üzrə icraçı mən idim, amma işi Mayislə Rövşən icra ediblər. Həmin vaxt onlara işə başlamaq tapşırığını şirkət verib. Şirkətdən nə deyilibsə, onu ediblər.
Mən məsuliyyətdən azad olunmağımı istəmirəm. Günahım varsa, cəzamı çəkəcəm. Mayis montajçı kimi mənim işçimiydi”.
“Qadının öldüyünü xəbər verdilər”
Elbəy Rəhimovun sözlərinə görə, Mayislə 1-2 dəfə görüşüb, işlə bağlı danışıblar: “Sentyabrın 19-na qədər qalan reklam lövhələrini Mayis, Rövşən və İslam hazırlayıblar, yəni prosesdə şirkət nümayəndəsi də iştirak edib.
Günorta ərəfəsində mənə zəng edib dedilər ki, güclü külək olub, lövhə qadının üzərinə aşıb. Bir saat sonra zəng edərək qadının öldüyünü xəbər verdilər.
Reklam qurğusu qoyulası yer qazılanda yerin səthindən asılı olaraq dəyişiklik edilib. Çala kvadrat şəklində olmalıydı. Bunlar isə yeri traktorla qazdırıblar. Bir kuba yarım ton beton tökülməliydi. Amma nə qədər beton töküldüyünü bilmirəm. Mən Naxçıvana gələndə lövhəni aşmış vəziyyətdə gördüm”.
“Mən olan yerdə problem çıxmayıb”
Elbəy Rəhimov qeyd edib ki, “Focus Media”nın nümayəndəsi və Rəhman adlı şəxs onun sexinə gəliblər, 15 reklam lövhəsi sifariş veriblər, Naxçıvana aparılacağını deyiblər: “Mən özüm də Naxçıvana gedə biləcəyimi, ancaq bu halda qiymətin dəyişəcəyini söylədim.
Reklam lövhəsinin niyə aşdığını bilmirəm, təcrübəmə görə, ya küləyin gücü çox olanda, ya da betonun mayesi bərkiməyəndə bu hal baş verə bilər. Reklam quraşdırıldığı gün orada olsaydım, işə özüm nəzarət edəcəkdim, beton vurduqdan sonra fundamentin qurumağını gözləyəcəkdik.
Mən həmin vaxta kimi 12 reklam qurğusunun qurulmasında iştirak etmişəm, heç birində problem olmayıb”.
Təqsirləndirilən şəxs deyib ki, şirkətin vəzifəli şəxslərinin sözü ilə beş-altı dəfə mərhumun evinə gediblər: “Onun ailəsinə kömək etdik, Quran oxutduq. Zərərçəkmiş şəxsin hüquqi varisinin niyə şikayətçi olduğunu bilmirəm. Şirkət dediyi üçün zərərçəkmişə yarı-yarıya pul da vermişəm.
Mən bir insan kimi əlimdən gələn yardımı etmişəm. Yusif mənə məsləhət gördü ki, zərərçəkmiş şəxsə kömək elə, özlərinin də köçürmə edəcəklərini dedi”.
“Sifarişçi Yusif olub”
Təqsirləndirilən şəxs deyib ki, Yusiflə müqaviləni göndərdiyi zaman əlaqə saxlayıb: “İlk gündən mənə hər şeyi Yusif deyib, reklamların ölçülərini o bildirib, yerləri də o tapıb. İş sahibi Yusif olduğu üçün işçilərimə “Yusif nə deyir, onu da edin” deyə tapşırmışdım.
İslamla mübahisə etdiyim üçün Mayis və Rövşənə iş sahibinin Yusif olduğunu söyləmişdim. Sifarişçi Yusif, podratçı mən idim.
İşçilərim olan Mayis və Rövşənə demişdim ki, sifarişçi, yəni şirkət nə deyirsə, onu etməlisiz. Betonu, kranı, fəhləni sifarişi tapıb gətirmişdi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, o, Naxçıvandan gedəndə hazırlanmamış 5 reklam lövhəsi qalıbmış: “Prezidentin gələcəyi, işin tez hazırlanmalı olduğu üçün işçilərə əlavə pul verdilər. Reklam lövhələri quraşdıranda işçilər mənə zəng edərək bu barədə heç nə demədilər. Sonradan onların da pul alaraq belə etdiklərini söylədilər.
Mənim iki övıadım ADA-da təhsil alır. Onların gələcəyinin bu məsələyə görə zədələnməsini istəmirəm. Barəmdə bəraət hökmü çıxarılmasını xahiş edirəm”.
"Anama görə 40 min ödədi"
Zərərçəkmiş məhrum Zümulə Qafarovanın hüquqi varisi qismində çıxış edən oğlu Kamal Qafarovun sözlərinə görə, hadisəni kameradan görüb. O, təqsirləndirilən şəxsin cəza almasını istəyib: “Ondan şikayətim var. Təqsirləndirilən şəxs yasa görə mənə 40 min manat pul ödəyib. Bütün pulu yas xərclərinə sərf etmişəm. Bu, xərcin yarısıdır, o, xərcin digər yarısını da ödəyəcəyini dedi”.
Hüquqi varis bildirib ki, hadisə baş verən gün ona zəng edib anasıın xəstəxana qarşısnda yıxıldığını deyiblər: "Mən ora gedəndə anam hələ sağ idi. Xəstəxanada reklam lövhəsinin anamın üzərinə düşdüyünü öyrəndim. Tələbim ondan ibarətdir ki, təqsirləndirilən şəxs kimdirsə, cəzasını çəksin.
İstintaq zamanı təqsirləndirilən şəxsdən şikayətimin olmaması ilə bağlı notarial qaydada ərizə yazmışam. Lakin məhkəmə prosesində eşitdiklərim istintaq zamanı olanlardan tamamilə fərqləndi. İstintaqda Elbəyin günahkar olduğu deyildi. Ancaq hazırda Rövşənin də günahkar olduğu aydınlaşıb. Elbəy Rövşəni cəzadan qoruyub”.
“Kimi nəzərdə tutduğunu bilmədim”
Kamal Qafarovun ifadəsinə görə, təqsirləndirilən Elbəy Rəhimov kredit götürüb və ona pul verdiyini deyib: “Yusif İslamla birlikdə xəstəxanaya gəlmişdi. Onlar “bizdən şikayət etmə, nə lazımdırsa edəcəyik” dedilər.
Onlara mənə heç nə lazım olmadığını, sadəcə anamın sağalmasını istədiyimi dedim. İslam mənə çölə çıxmağı təklif elədii. Yusif də məni qırağa çəkdi, “bizdən şikayət etmə” dedi. Amma onun “bizdən” deyəndə kimi nəzərdə tutduğunu bilmədim. Yusifi daha görmədim. Kiməsə nəsə sual verəcək vəziyyətdə deyildim”.
3 il cəza aldı, narazı qaldı
Bu cinayət işinə Naxçıvan Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elbəy Rəhimov 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. Vəkil müvəkkili barəsində olan hökmün ləğv edilməsini, Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə ona bəraət verilməsini istəyib.
Məsuliyyətdən kənarda qalanlar kimlədir?
Vəkil şikayətdə qeyd edib ki, müvəkkili işçiləri ilə birlikdə Yusif Bəylərlinin aldığı təyyarə biletləri ilə Naxçıvana uçub və onun təşkil etdiyi sexdə, cəlb etdiyi işçilərin köməyi ilə reklam konstrukisyalarının düzəldilməsinə başlayıblar:
“2023-cü ilin sentyabr ayının 14-də reklam lövhələrindən 4-5-i hazır olan zaman təqsirləndirilən şəxs Bakı şəhərinə getməli olub. O, Bakı şəhərindən qayıtdıqdan sonra reklam konstruksiyalarının düzəldilməsini başa çatdırmaq və Yusif Bəylərliyə təhvil vermək fikrində olub.
Təqsirləndirilən şəxs Bakıda olan vaxt Naxçıvanda dövlət tədbiri olacağından Yusif Bəylərli ona xəbər vermədən Naxçıvandakı işçisi Rövşən Əliyevə zəng vurub, ondan reklam konstruksiyalarını quraşdırmaq üçün kömək istəyib və qarşılığında 300 manat vəd edib.
Rövşən Əliyev razılaşıb və Elbəy Rəhimova xəbər vermədən Mayis Həsənovla birlikdə reklam konstruksiyalarını quraşdırılması üçün Yusif Bəylərliyə təhvil verib. Özləri də quraşdırılma yerinə gedərək müəyyən işlərin görülməsinə köməklik göstəriblər. Rövşən Əliyev qaynaq işlərini, Mayis Əliyev isə diklərin bərkidilməsi və reklam qurğularının rənglənməsini həyata keçirib.
İşə faktiki rəhbərliyi isə Yusif Bəylərli, o olmadıqda isə Qurbanov İslam Feyzulla oğlu həyata keçirib. 2 reklam konstruksiyası quraşdırılıb, sentyabr ayının 19-da 3-cü reklam konstruksiyası quraşdırılan zaman güclü külək başlayıb. Yusif və İslam əvvəl quraşdırılmış reklam konstruksiyalarını yoxlamaq üçün iş yerini tərk ediblər.
Həmin aralıqda reklam lövhəsi güclü küləyin təsiri altında Qafarova Zümulə Həsən qızının üzərinə aşıb və ona ağır xəsarət yetirib. Yusif təqsirləndirilən şəxslə əlaqə saxlayaraq işi qaydasına saldığını, heç bir problem olmayacağını bildirib. Lakin şirkətlə təqsirləndirilən şəxs arasındakı müqavilənin prokurorluğa təqdim edilməli olduğunu deyib. Yusif “Roşka” ləqəbli adamı ilə müqaviləni ona göndərib”.
Sonda cəza nə oldu?
Bu şikayətə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində baxılıb. Hakim Fərman Abbasovun sədrliyi ilə keçirilən iclasda qərar elan edilib.
Qərara görə, şikayət qismən təmin edilib.
Elbəy Rəhimov 2 il 2 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin üzərinə yaşadığı Xətai rayonu ərazisini tərk etməmək, gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulub.
Cəzanın icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Xətai Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilib.
Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, cinayət işində adı keçən "Brend Media Group”un rəhbəri Elşən Məmmədovdur. Amma onun adı cinayət işində ifadələrin heç birində hallanmayıb.
Elşən Məmmədovun adı yalnız apellyasiya şikayətində çəkilib (teleqraf.az).