Aparıcının adından pul qazanan “oğlan” ifşa EDİLDİ

 17:47 13.05.2025     154

Tanınmış televiziya aparıcısı Jalə Həsənli sosial media fırıldaqçılığı ilə üzləşib.

Redaktor.az xəbər verir ki, bu barədə aparıcı özü məlumat yayıb.

Jalə Həsənli şəxsi “TikTok” hesabı ilə heç bir əlaqəsi olmayan bir profilin onun adından reklamlar satdığını, insanlarla yazışdığını və bununla da işgüzar nüfuzuna zərər vurduğunu açıqlayıb.

“Fan səhifələrə öyrəşmişik, amma bu fərqli idi”, - deyə Jalə Həsənli bildirib.

Onun sözlərinə görə, əvvəllər adına açılmış səhifələrin hər birində “fan” etiketi qeyd olunmuşdu. Lakin sonuncu dəfə qarşılaşdığı hesabda belə bir qeyd yox idi və ən təəccüblüsü isə həmin səhifənin onun adı ilə danışması, reklam təklifləri alması və izləyicilərlə ünsiyyətə keçərək Jalə Həsənli kimi davranması olub.

“Rəyləri oxuduq, baxdıq ki, adam mənim adımdan yazır, üslub isə tamam yad. Hesabdan özümə mesaj yazmaq istədim, amma artıq məni bloklamışdı,” – deyə aparıcı qeyd edib.

Bu hadisə ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət edilib və hüquq-mühafizə orqanlarının operativ fəaliyyəti nəticəsində saxta hesabın sahibi qısa müddətdə müəyyənləşdirilib. Məlum olub ki, Jalə Həsənlinin adından çıxış edən şəxs əslində gənc bir oğlandır.

“Kim olduğumu haradan biləcəklər?” deyib anonimlik pərdəsi arxasında gizlənən bu şəxs artıq məsuliyyət qarşısındadır. Fake səhifə silindi, qanunvericiliyə uyğun tədbirlər görüldü”, - deyə Jalə Həsənli vurğulayıb.

Aparıcı eyni zamanda ictimaiyyəti xəbərdar edərək bildirib ki, onun adından yayılan istənilən informasiyaya qarşı ehtiyatlı olmaq lazımdır və yalnız rəsmi hesablarına etibar edilməlidir.

Sonda isə Jalə Həsənli bu məsələdə operativlik göstərdikləri üçün Daxili İşlər Nazirliyinə, Elşad Hacıyevə və Yasamal Rayon Polis İdarəsinə təşəkkür edib:

“Hər kəs etdiyi əməlin məsuliyyətini dərk etməlidir!” (musavat.com).