Şəhid kapitanın anası vəfat etdi - FOTO

 09:55 14.05.2025     240

Vətən müharibəsi şəhidi, kapitan Rəşad Əmralı oğlu Əliyevin anası vəfat edib.

Redaktor.az xəbər verir ki, bu haqda şəhidin dayısı Savalan Cəfərov məlumat verib. O, bildirib ki, bacısı Rəfiqə xanım vəfat edib. 

Qeyd edək ki, kapitan Rəşad Əliyev Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyat komandiri olub. O, noyabrın 5-də Şuşa döyüşləri zamanı şəhid olub və doğulduğu Salyan rayon Ərəbqardaşbəyli kənd qəbristanlığında dəfn edilib.

Kapitan Rəşad Əliyev sağlığında orduda qüsursuz xidmətlərinə görə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" III dərəcəli medalı "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalına layiq görüüb. Şəhidimiz ailəli olub, Zəhra adında bir qızı və Tunar adında bir oğlunu bizlərə əmanət qoyub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Əliyev ölümündən sonra "Vətən uğrunda" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

Şuşa və Füzulinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Əliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə də təltif edilib.

Vasif ƏLİHÜSEYN 

 

Bir 2 nəfər, uşaq və gülümsəyən insanlar şəkili ola bilər