"Əminəm ki, Gəncədə 18 yaşlı oğlanın dəhşətli ölümünə səbəb olanlar tapılacaq"

 12:35 16.05.2025     74

"Cəmiyyətimizdə belə ağır və ağılasığmaz cinayətlərin baş verməməsi üçün daha çox işləməliyik".

Redaktor.az xəbər verir ki, bunu deputat Naqif Həmzəyev Gəncədə xəsarət alan 18 yaşlı oğlanın müəmmalı şəkildə ölümünə münasibət bildirərkən deyib.

“Çox təəssüf edirəm ki, belə amansız hadisə baş verib. Əminəm ki, Azərbaycan polisi, hüquq-mühafizə orqanları cinayəti törətmiş şəxs və ya şəxsləri mütləq tapacaq. Cinayətkarlar cəzasız qalmayacaq, qanun qarşısında cavab verəcəklər. Elgünün ailəsinə və yaxınlarına başsağlığı verirəm. Normal insan belə hadisə törədə bilməz. Tezliklə cinayətin səbəb və təfərrüatlarını öyrənəcəyimizə ümid edirik. Cəmiyyətimizdə belə ağır və ağılasığmaz cinayətlərin baş verməməsi üçün daha çox işləməliyik. Təhsil müəssisələri, valideynlər, aidiyyəti qurumlar səfərbər olmalı, uşaqlarımızın, yeniyetmələrin, gənclərin tərbiyəsinə daha çox yatırım etməlidir. Uşaqların ən həssas dönəmlərində onları qətiyyən tək qoymaq olmaz. Kaş, bu hadisə baş verməzdi, bir gəncin, bir ailənin ümidləri puç olmazdı”, deyə deputat vurğulayıb.

Qeyd edək ki, mayın 12-də Gəncədə 2007-ci il təvəllüdlü Elgün İbrahimovun döyülərək öldürüldüyü bildirilir.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işinin ibtidai istintaqı aparılır.