32 il əvvəl şəhidlik zirvəsinə ucalan döyüşçü Qubada dəfn olundu - FOTO

 15:25 16.05.2025     173

Mayın 16-da Birinci Qarabağ müharibəsi şəhidi Ərzumanov Elşən İsaməddin oğlunun nəşinin qalıqları Qubada dəfn olunub.

Redaktor.az xəbər verir ki, 1993-cü ildə şəhidlik zirvəsinə ucalan qəhrəman döyüşçü ölümündən 32 il sonra doğma yurdunda torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri ilə yanaşı, Quba Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin, hüquq-mühafizə orqanlarının, rayon ictimaiyyətinin nümayəndələri, qazilər və sakinlər iştirak ediblər.

Doğulub boya-başa çatdığı evdə vida mərasimi keçirildikdən sonra şəhid Dövlət Himninin sədaları altında və yaylım atəşinin müşayiəti ilə son mənzilə yola salınıb. Elşən Ərzumanov Qubadakı Şəhidlər xiyabanında dəfn edilib.

Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirilib, şəhidlərin ruhuna dualar oxunub. Nəşin üzərinə örtülmüş Azərbaycanın üçrəngli Dövlət Bayrağı şəhidin qardaşına təqdim edilib.

Şəhid Ərzumanov Elşən İsaməddin oğlu 23 aprel 1974-cü ildə Quba şəhərində dünyaya göz açıb. Birinci Qarabağ müharibəsində Kəlbəcər rayonu istiqamətində qəhrəmanlıqla döyüşüb. 1993-cü il aprelin 5-də Murovdağ uğrunda gedən şiddətli döyüşlər zamanı itkin düşüb (Azərtac).