Ağsu aşırımında çətinliklər yarandı - FOTO

Ağsu aşırımında torpaq sürüşməsinin yenidən aktivləşməsi ərazidə təhlükəli vəziyyət yaradıb.
Redaktor.az "Report"a istinadla xəbər verir ki, son günlər intensiv yağıntılar nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən 147-ci kilometrində bir müddət əvvəl bərpa olunmuş torpaq qatı yenidən dağılaraq çökməyə başlayıb.
Məlumata əsasən, yolun çiyin hissəsində sürüşmə prosesi aktivləşib, kipləşdirilmiş torpaq layları isə davamlı yüklənməyə tab gətirməyərək deformasiyaya uğrayıb.
Qeyd edək ki, bu ərazidə bir neçə gün əvvəl baş verən sürüşmə nəticəsində yolun bir zolağı tamamilə bağlanmış, asfalt örtüyü çökərək istifadəyə yararsız hala düşmüşdü. Həmin vaxt əraziyə cəlb olunan texnika vasitəsilə zəruri materiallar daşınaraq çökən sahələr təxirəsalınmaz şəkildə doldurulmuşdu.
Lakin son müşahidələr göstərir ki, torpaq axıntısı davam edir və ərazi yenidən təhlükəli vəziyyətə qayıdır. Bu, təkcə yol infrastrukturu üçün deyil, eyni zamanda, həmin istiqamətdə hərəkət edən nəqliyyat vasitələri üçün də real təhlükə mənbəyidir.
Ağsu dolaylarında son vəziyyətlə bağlı 4 saylı magistral yolların istismarı MMC-nin sahə rəisi Eldar İsrafilov bildirib ki, yaranan vəziyyətlə bağlı ərazidə torpaqlama işləri yekunlaşdırılıb, yolun əsas hərəkət hissəsi xeyli genişləndirilib və yaxın müddətdə əraziyə asfalt çəkiləcək.
Sahə rəisinin sözlərinə görə, dolaylarda çətinlik yolun tək 147-ci deyil, 148 və 151-ci kilometrlərində də yaranıb. Hazırda görülən işlərə baxmayaraq, güclü yağışların davam edəcəyi təqdirdə həmin ərazidə problemin daha da kəskinləşəcəyi istisna olunmur.
E.İsrafilov əlavə edib ki, bəhs olunan ərazilərdə problemin tam aradan qaldırılması və təkrarlanmaması üçün yolun təhlükə yaranan hissələrinə beton istinadların vurulması vacibdir.
“Hal-hazırda həmin ərazidə təhlükənin aradan qaldırılması istiqamətində zəruri işlər davam etdirilir”, - o bildirib.




