“Abzas Media” işində 12 ilə kimi həbs tələb EDİLDİ

 16:57 20.05.2025     182

“Abzas Media” işi üzrə ittiham edilən 7 nəfərin məhkəmə istintaqı tamamlanıb.

Redaktor.az-ın “Qafqazinfo”ya istinadla məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror bəyan edib ki, təqsirləndirilən şəxslərə verilmiş ittihamlar məhkəmə istintaqı zamanı toplanmış sübutlarla təsdiqini tapıb. Bu əsasla hər biri ayrı-ayrılıqda təqsirli bilinməli və sanksiya həddində cəzalandırılmalıdırlar.

Konkret olaraq, Ülvi Həsənlinin, Hafiz Babalı və Fərid Mehralızadənin 12 il, Sevinc Vaqifqızının, Məhəmməd Kekalovun Nərgiz Absalamovanın və Elnarə Qasımovanın 11 il müddətə azadlıqdan məhrum edilməsi tələb edilib.

Vəkillərə müdafiə çıxışına hazırlanmaları üçün vaxt verilib.

Qeyd edək ki, “Abzas Media”nın direktoru  Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı olub. Onlar və saytla əməldaşlıq edən digərləri Cinayət Məcəlləsinin 7 maddəsi- 206.4 (qaçaqmalçılıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 192.3.2 (qanunsuz sahibkarlıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə), 213.2.1 (vergidən yayınma-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1, 320.2 (sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə) ilə ittiham edilirlər.