Neftçalada siqaret iki qardaşın həyatına son qoydu - YENİLƏNİB

Neftçalanın Xolqaraqaşlı kəndində fərdi yaşayış evində baş verən partlayış nəticəsində yanıq xəsarətləri alan şəxs vəfat edib.
Redaktor.az “Report”a istinadla xəbər verir ki, xəstəxanaya yerləşdirilən 1995-ci il təvəllüdlü Əzizov Babək Bəylər oğlu həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, partlayış nəticəsində onun qardaşı, 2001-ci il təvəllüdlü Əzizov Bayram Bəylər oğlu hadisə yerində ölüb.
Qonşuların sözlərinə görə, partlayışa səbəb döşəməyə dolğu vurulan zaman siqaret yandırılması olub. Bu zaman evdə partlayış baş verib.
Hadisə yerinə gələn yanğınsöndürənlər tərəfindən yanğın qısa müddətdə söndürülüb. Yanğın nəticəsində təmir işləri aparılan ümumi sahəsi 30kv.m. olan otağın qamışdan ibarət tavanı və pəncərə çərçivəsi yanıb.
Faktla bağlı araşdırma aparılır.
***
Neftçalada ölümlə nəticələnən yanğın hadisəsinin bəzi təfərrüatları məlum olub.
Redaktor.az "Report"a istinadla xəbər verir ki, hadisə evdə təmir işləri aparılan zaman baş verib.
Belə ki, evdə təmir işləri görən qardaşlar döşəməyə dolğu vuran zaman onlardan biri ehtiyatsızlıq edərək siqaret yandırıb. Bu zaman dolğuda yaranmış qaz anidən partlayıb.
Partlayış nəticəsində qardaşlardan biri Bayram Əzizov hadisə yerində ölüb. Digər qardaş Babək Əzizov isə yanıq xəsarətləri alıb.
120 kvadratmetrlik evin bir otağı partlayışla müşahidə olunan yanğın nəticəsində yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.
***
16:43
Neftçalada fərdi yaşayış evində baş verən partlayış daha sonra yanğına çevrilib. Hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb.
Redaktor.az xəbər verir ki, hadisə rayonun Xolqaraqaşlı kəndində qeydə alınıb. Belə ki, fərdi yaşayış evində Bayram Əzizov və qardaşı Babək Əzizov təmir işləri görən zaman partlayış olub və daha sonra yanğın baş verib. Hadisə zamanı Bayram Əzizov ölüb, Babək Əzizov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Salyan Rayon Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib, yanğın söndürülərək ətraf ərazilərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır (Azərtac).