Kəlbəcərdə traktor minaya düşdü, xəsarət alan var - YENİLƏNİB

Kəlbəcərdə traktorun minaya düşməsinin bəzi təfərrüatları məlum olub.
Redaktor.az xəbər verir ki, hadisə rayonun Susuzluq kəndi ərazisində, kənd arası yolun çəkilişi zamanı baş verib.
Belə ki, Kəlbəcərdə yerləşən şirkətlərinin birinə məxsus "Avtoqreyder" markalı traktor sözü gedən kəndin yol çəkilişi zamanı minaya düşüb və nəticədə partlayış qeydə alınıb.
Partlayış zamanı traktorun sürücüsü Kürdəmir rayon sakini 1989-cu il təvəllüdlü Rəşadət Fikrət oğlu Əsədov xəsarət alaraq Kəlbəcərdə yerləşən xəstəxanaların birinə aparılıb.
Xəsarət alan şəxsin vəziyyətinin normal olduğu bildirilir. Qeyd edək ki ötən gündə Goranboyda Kəlbəcər rayon sakini 45 yaşlı Qalib Abbasov da minaya düşüb.
Xatırladaq ki, hadisənin baş verdiyi kənddə 2022-ci ilin iyunun 4-də saat 11 radələrində Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb.
Hadisə nəticəsində 3 nəfər - Sirac Abışov (AzTV-nin operatoru), Məhərrəm İbrahimov (AZƏRTAC-ın müxbiri) və Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Hazırda Susuzluq kəndinə Kəlbəcər Rayon Polis Şöbəsinin, rayon prokurorluğunun və ANAMA-nın əməkdaşları cəlb olunub.
Artıq baş vermiş hadisə ilə bağlı araşdırmaya başlanılıb.
***
Kəlbəcərdə traktor minaya düşüb, xəsarət alan var.
Redaktor.az "Report"a istinadən xəbər verir ki, rayonun Susuzluq kənd ərazisində traktorun minaya düşməsi nəticəsində 1989-cu il təvəllüdlü Rəşadət Əsədov xəsarət alıb.
Xatırladaq ki, mayın 30-da Goranboy rayonu ərazisində bir nəfər minaya düşərək ağır xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.