Azərbaycanda boşanmış qadın məhkəmədə BIÇAQLANDI

 13:18 04.06.2025     754

Göygöl Rayon Məhkəməsində qadın bıçaqlanıb.

Redaktor.az oxu.az-a istinadla xəbər verir ki, hadisə ailə münaqişəsi üstündə baş verib. Rayon sakini Edman Ağayev (soyad şərtidir) ailəsindən ayrılmış qardaşının xahişi ilə onunla birlikdə Göygöl Rayon Məhkəməsinə gedib. Səbəb Edmanın qardaşının uşağını görməsi üçün məhkəmə icrasına şikayət etmək olub.

Edman qardaşı ilə məhkəmənin binasına daxil olarkən orada qardaşının keçmiş həyat yoldaşı Türkan Rzayevanı görüb. Edman əsəbiləşərək qadını söyüb və məhkəmə foyesində mübahisə yaranıb. Mübahisə nəticəsində Edman üzərində gəzdirdiyi bıçaqla T.Rzayevaya hücum edib. Lakin məhkəmə icraçıları onun bu cəhdinin qarşısını alıb. Əsəbləri soyumayan Edman əlindəki bıçağı qadına atıb. Bıçaq T.Rzayevanın ayağına dəyib və o, xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə E.Ağayev 2 il 6 ay azadlıqdan məhrum edilib.

Məhkəmə ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək E.Ağayevə 1 il 6 ay sınaq müddəti olmaqla şərti cəza verib.