Bələdiyyə sədri sabiq məmurdan şikayət etdi: Qohumları onu təhdid edir?

Qusar rayonunun Samur bələdiyyəsinin sədri Elnarə Ayibova Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinin sabiq rəisi, hazırda məhkumluq həyatı yaşayan Cavanşir Əvəzov barəsində hüquq-mühafizə orqanlarına şikayət edib.
Redaktor.az-ın "Qaynarinfo"ya istinadla məlumatına görə, Elnarə Ayibova şikayətində Cavanşir Əvəzovun qohumları tərəfindən ona qarşı təzyiq və təhdidlərin edildiyini bildirib.
İstintaq zamanı müəyyən olunub ki, Cavanşir Əvəzov Samur bələdiyyəsinin balansında olan 17.0, 30.66 və 85 hektarlıq torpaq sahələrini saxta sənədlərlə yaxın qohumlarının adına keçirib. Hazırda həmin sahələrdən 17 hektarı yenidən Samur bələdiyyəsinin mülkiyyətinə qaytarılıb.
Lakin Elnarə Ayibovanın sözlərinə görə, bu torpaq sahəsinin bələdiyyəyə qaytarılmasına razılıq vermədiyi üçün Cavanşir Əvəzovun qohumlarının təzyiq və təhdidləri artmaqda davam edir. Onun bu barədə verdiyi şikayət ərizəsi hazırda rayon prokurorluğunda və Polis İdarəsində araşdırılır.
Qeyd edək ki, ötən ilin iyul ayında Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cavanşir Əvəzov külli miqdarda dələduzluğa cəhd, əldə edilmiş vəsaitlərin leqallaşdırılması, rəsmi sənədlərin saxtalaşdırılması və digər cinayətlərdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin məhkəmə onun cəzanı real çəkməsi üçün əsas görməyərək Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən (şərti məhkumetmə) hökm çıxarıb.