Dostunu güllələyən qazi ilə bağlı yeni faktlar - FOTO

 11:11 05.06.2025     221

Xəbər verdiyimiz kimi, Lerikdə bir neçə gün əvvəl itkin düşən və meyiti çay dərəsindən tapılan 35 yaşlı Şahin Musa oğlu Şərifovun qətlə yetirilməsi müəyyən edilib.

Redaktor.az-ın “Qafqazinfo”ya istinadla məlumatına görə, qətldə şübhəli bilinən 34 yaşlı Elşən Ağabala oğlu Ağayev əvvəllər Lerik Rayon Gənclər və İdman İdarəsində çalışıb.

O, zabit kimi Vətən müharibəsində və daha sonra keçirilmiş antiterror tədbirlərində iştirak edib. Elə antiterror tədbirlərində snayper gülləsinə tuş gələn Elşən həmin vaxt hospitala yerləşdirilib. Onun psixologiyasının da pozulduğu və psixi müalicə aldığı bildirilib.

Digər məlumata görə, E. Ağayevlə Ş. Şərifov əvvəldən tanış olublar. Onların arasındakı münaqişənin hansı səbəbdən baş verməsi, atəşin harada açılması və digər detallar hələlik məlum deyil.

Həmin qazinin tapança silahını necə əldə etməsi və saxlaması da araşdırılır.

Qeyd edək ki, iyunun 1-də Lerik rayonunda itkin düşən 35 yaşlı Şahin Şərifovun xüsusi amansızlığa məruz qalan, baş və bədənində güllə yarası olan meyiti rayonun Monidigah kəndinin ərazisində yerləşən çayın kənarında aşkarlanıb.

Polis və prokurorluq əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən Lerik rayon sakini, müharibə veteranı 34 yaşlı Elşən Ağayev saxlanılaraq həbs edilib.

Qazinin yaşadığı evdən cinayətdə istifadə olunan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 159 ədəd patron aşkarlanaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işinin istintaqı aparılır.

Fotoda Şahin Şərifov