Lerikdəki qətlin təfərrüatı: Şahin Elşənin həyat yoldaşına söz ATIB

Lerik rayonunda Vətən müharibəsi veteranının odlu silahla törətdiyi qətl hadisəsinin təfərrüatı məlum olub.
Redaktor.az-ın oxu.az-a istinadla məlumatına görə, hadisə namus üstündə baş verib. Məlumata görə, qətlə yetirilən Şahin Şərifov bir müddət öncə Elşən Ağayevin həyat yoldaşına söz atıb və onunla sevgili olmaq istəyib. E.Ağayevin həyat yoldaşından rədd cavabı alan Ş.Şərifov qadın haqqında şaiyələr yayıb.
Məsələdən xəbər tutan E.Ağayev iyunun 1-də evində saxladığı "Makar" markalı tapança ilə silahlanaraq Ş.Şərifovu şəhərin kənarında yaxalayıb. O, Ş.Şərifovu baş və ürək nayihəsində 7 güllə yarası ilə qətlə yetirib. Daha sonra o, meyiti maşına qoyaraq Monidigah kəndinin ərazisinə gətirib, orada yolun kənarından 60 metrlik dərəyə atıb.
Hadisədən sonra E.Ağayev heç nə olmamış kimi davranıb, şəhər ərazisində rahat gəzib, ad günləri və toy məclislərində iştirak edib. Hətta E.Ağayev hadisədən sonra hər gün həmin əraziyə gələrək, yolun kənarından meyiti atdığı dərəyə baxırmış. Dünən günorta saatlarında da E.Ağayev dostları ilə yeyib-içmək məclisinə gedərkən idarə etdiyi avtomobili həmin ərazidə saxlayıb, meyiti atdığı yerdə dayanıb siqaret çəkib, sonradan yoluna davam edib. Amma dostları onun bu hərəkətindən şübhələnməyiblər. Dünən axşam saatlarında meyit dərədə aşkarlanıb. Keçirilən əməliyyat nəticəsində meyitin qətlə yetirildiyi məlum olub və E.Ağayev saxlanılıb.
Məlumata görə, E.Ağayev ehtiyatda olan baş leytenantdır.
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat zamanı E.Ağayevin evindən digər silah-sursat da aşkarlanıb.