17 yaşlı oğlanla 15 yaşlı qız evlənmək istədi - HƏBS EDİLDİ

 18:45 07.06.2025     84

Masazırda 15 yaşlı qızla münasibətdə olan şəxs məhkəmə zalında həbs edilib. Həbs edilən şəxsin 17 yaşı var.

Redaktor.az xəbər verir ki, Aslan (ad şərtidir) və Sevda (ad şərtidir) orta məktəbdə birlikdə təhsil alıblar. Aslan 11-ci sinfi bitirib, Sevda isə 9-cu sinifdən təhsilini dayandırıb.

Onlar arasında məktəb dövründə sevgi münasibətləri olub. Aslan Sevda ilə evlənmək istədiyini deyib və onun evinə elçi göndərib. Hər ikisinin israrı ilə evlilik istəyini ailələr qəbul edib. Lakin Sevdanın ailəsi deyib ki, Aslan əsgərlikdən gələndən sonra toy edə bilərlər. O zamana qədər də Sevdanın 16 yaşı tamam olacaqmış. Lakin gənclər bunu qəbul etməyib.

Bir müddət sonra Aslanla Sevda cinsi münasibətdə olublar. Ailələr Sevdanın bakirəliyinin pozulduğunu bildikdən sonra onu həkim kimi tanıdıqları qadının evinə aparıblar. Həmin həkimə qızın hündürlükdən yıxıldığını, xəsarət aldığını deyiblər. Lakin həkim qızın xəsarətinin hündürlüklə yıxılmaqla əlaqəsinin olmadığını, başqa şəxslə münasibətdə olduğunu, bakirəliyinin pozulduğunu bildirib.

Bundan sonra ailələrin razılığı ilə Sevda Aslanın evinə köçüb. Bir neçə gün birlikdə yaşadıqdan sonra Sevda anasıgilə gedib. İki gün anasıgildə qalan Sevda Aslanın onunla maraqlanmadığını görüb. Buna görə də Sevdanın anası Aslandan polisə şikayət edib.

Aslan məsuliyyətə cəlb edilib. Məhkəmə araşdırması zamanı tərəflər arasında barışıq olub. Aslan deyib ki, Sevda ailəsigillə qaldığı üçün onu narahat etməyib. Yəni onunla maraqlanmamaq kimi niyyəti olmayıb.

Məhkəmənin hökmü ilə Aslan 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalında qandallanıb (musavat.com).