Naxçıvanda dönərdən zəhərlənən 17 nəfərdən 9-u azyaşlıdır, müraciət sayı çoxdur - YENİLƏNİB

"Zəhərlənənlərin 9 nəfəri azyaşlı olub".
Redaktor.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin həkim-infekionisti Nəzmin Allahverdiyeva deyib.
Həkim bildirib ki, iyunun 9-da Yoluxucu Xəstəliklər Mərkəzinin Təcili Tibbi Yardım Şöbəsinə 17 nəfər şəxs qida zəhərlənməsi diqanozu ilə daxil olub: "Daxil olarkən xəstələrin vəziyyəti orta-ağır və iki nəfər xəstənin vəziyyəti isə ağır vəziyyətdə idi. Aparılan simptomatik yardımlardan və dinamik müşahidədən sonra xəstələr tam klinik sağalma ilə evə buraxılıb. Bunlardan 3-ü ayrı ailə üzvləri olub. 5 nəfər bir ailədən, 4 nəfər bir, 3 nəfər isə ayrı bir ailədən olub. Ümumi zəhərlənənlərin sayı 17 nəfər olub. Bizə müraciət edənlərin 17 nəfər olmasına baxmayaraq, bizdə zəhərlənmə halının çox olduğu barədə məlumat var. Yəni, təcili tibbi yardım şöbəsinə daha çox xəstə müraciət edib".
***
"Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzi" Publik Hüquqi Şəxsdən Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə Naxçıvan şəhəri Heydər Əliyev prospektində yerləşən “Kassap Döner” dönərxanasında 17 nəfərin qidadan zəhərlənməsi barədə məlumat daxil olub.
Redaktor.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib. Şübhəli məhsulların toxunulmazlığı təmin edilib, dönərxananın fəaliyyəti dayandırılıb.
Faktla bağlı araşdırma aparılır, nəticələri barədə ictimaiyyətə məlumat veriləcək (AZƏRTAC).