Qazinin pulunu kim kəsib? - VİDEO

 12:00 12.06.2025     197

“Novxanıda fəaliyyət göstərən “AF Beach Hotel” 1 həftə öncə məndən gül sifarişi edib. Ümumi dəyəri 640 manat olan  gülləri hotelə çatdırdıq, amma indi nə ödənişi geri qaytarırlar, nə də güllərimi”. 

Redaktor.az xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya gülçülük mağazalarından birinin sahibi, İkinci Qarabağ Müharibəsi qazisi Ümid Hüseynov müraciət edib. 

O hotelin sahibi tərəfindən dələduzluğa məruz qaldığını deyir: “1 həftə öncə özünü hotelin sahibi kimi təqdim edən Vahid adlı şəxs və Ayparə adlı xanım gül sifariş etdi. Həmin gün aparıb çatdırdıq. Onlar dedi ki, ödənişi axşam edəcəyik, mən bununla razılaşdım. Düşünməzdim ki, belə bir hotel 640 manatın söhbətini etsin. Ödəniş olunmadığı üçün ora getdim. Gördüm ki, bütün gülləri yerləşdiriblər, içəri keçdiyim zaman məni oradan uzaqlaşdırdılar. Güllərimi götürməyə də imkan verilmədi”. 

Sahibkarın sözlərinə görə, hotel sahibi vətəndaşa istədiyi yerə şikayət edə biləcəyini deyib: “Onlardan pulumu istəyirəm, mənə “Bu hotelin rəhbəri böyük adamdır. Get, hara istəyirsən, ora da şikayət elə” deyirlər. Onlara bildirdim ki, hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm, etdim də. Bu haqsızlığın qarşısının alınması üçün məsələnin ictimailəşməsini istəyirəm”. 

Qarşı tərəfin mövqeyini öyrənmək üçün hotellə əlaqə saxladıq. Verilən cavab isə belə oldu: “Bu məlumatlar yanlışdır. Bizim hotel tərəfindən, ümumiyyətlə, o mağazadan gül alınmayıb. Sadəcə məsələ belədir ki, biz hotelin yuxarı hissəsini Ayparə adlı xanıma icarəyə vermişik. Onun tərəfindən bu güllər hotelimizə hədiyyə olunub, bizim bununla bir əlaqəmiz yoxdur. Heç kimdən gül almamışıq. Bu məsələdə biz yox, həmin xanım cavabdehdir”. 

Ayparə Dadayeva isə saytımıza açıqlamasında bildirib ki, ödəniş üçün vətəndaşdan kart nömrəsi tələb olunub: “Mən bir müddətdir hoteldə olmadığım üçün bəyə ödəniş edilməyib. Ona kart nömrəsini atmağını tələb etsəm də, geridönüş etmir”.

Qeyd edək ki, bir neçə il əvvəl 35 yaşlı A.Dadayevanın adı yarım milyonluq mənimsəmədə də çəkilib. Belə ki, onun “Sara Group” MMC-də anbardar işləyərkən 451 min manat mənimsədiyi, bununla bağlı şirkətin direktoru Şirvan Əhmədovun müraciəti əsasında araşdırma aparıldığı bildirilib.