DTX-nin həbs etdiyi “Kərimə” dövləti qurmaq istəyən 13 nəfərə HÖKM OXUNDU

“Kərimə” dövləti qurmaq adı ilə ağır cinayətlər törətməkdə ittiham olunan 13 nəfərlik dəstə üzvlərinin məhkəmə araşdırması başa çatıb.
Redaktor.az-ın “Qafqazinfo”ya istinadla məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən, Faiq Zeynalov və İlham Şıxəliyev 17 il, Hüseyn Hüseynzadə, Etibar Məmmədzadə, İlkin Bağırov, Vüqar Mədətov, Elgün Ağayev 16 il, Elvin Cəfərov, Yusif Mirzəyev, Ruslan Əliyev, Savalan Hüseynli, Məhərrəməli Musayev 15 il 6 ay, Mir Vasid Əliyev isə 10 il müddətə azadlıqdan məhrum edilib.
Novruz Kərimovun sədrlik etdiyi hakim heyəti belə qərara gəlib ki, DTX-də istintaqı aparılmış cinayət işi üzrə müttəhimlərə verilmiş ittihamlar məhkəmə istintaqı ilə də təsdiqini tapıb.
Bu əsasla dəstə üzvləri dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd cəhdi hazırlamada, yetkinlik yaşına çatmayan şəxsi cinayətkar fəaliyyətə cəlb etməkdə və digər maddələrlə təqsirli hesab ediliblər.
Məlumat üçün deyək ki, “Real TV”nin rəhbəri Mir Şahin Ağayev və keçmiş təhsil naziri Misir Mərdanov iş üzrə zərərçəkmiş qismində tanınmışdır.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıblar.
DTX-də istintaqı yekunlaşdırılmış cinayət işi üzrə təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 170.3, 234.1-1, 274, 28,277 və 278.2-ci maddələri ilə ittiham irəli sürülüb.