Dünən bank kartlarından 20 min manatdan çox pul OĞURLANIB

 12:28 13.06.2025     69

DİN vətəndaşlara kiberdələduzluq halları ilə bağlı növbəti çağırış edib.

Nazirlikdən Redaktor.az-a verilən məlumata görə, müraciətdə deyilir:

"Naməlum nömrələrdən edilən zənglər və göndərilən mesajlar vasitəsilə vətəndaşların şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi cəhdləri davam edir. Bu səbəbdən əhalidən diqqətli olmaları xahiş olunur. İyunun 12-də bir sıra şəxslərin bank hesablarından 6880, 4347, 4100, 600, 537, 507, 500, 472, 450, 310, 300, 270, 255, 203, 200, 124, 100, 91 və 80 manat məbləğlərində vəsaitlər kiberyolla oğurlanıb.

Vətəndaşlar bilməlidir ki, bank kartlarının CVV/CVC kodu, istifadə müddəti və SMS-lə göndərilən OTP (birdəfəlik şifrə) məlumatları mütləq şəkildə məxfi saxlanmalıdır. Bu məlumatların üçüncü şəxslərlə paylaşılması nəticəsində bank hesablarından pul oğurluğu, vətəndaşın adından kredit və digər maliyyə əməliyyatları həyata keçirilə bilər.

Tövsiyə olunur ki, naməlum nömrələrdən gələn zəng və mesajlara cavab verilməsin, heç bir halda şəxsi və maliyyə məlumatları paylaşılmasın, şübhəli ünsiyyət zamanı əlaqə dərhal dayandırılsın və nömrə blok edilsin.

Bu cür hallarla üzləşən şəxslər dərhal polis orqanlarına və müvafiq bank qurumlarına müraciət etməlidirlər".