Biləsuvarda yol qəzasında xəsarət alanların kimliyi məlum oldu - YENİLƏNİB

Biləsuvarda baş verən yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.
Redaktor.az "Report"a istinadən xəbər verir ki, onlar rayonun Ovçubərə kənd sakinləri - Pərviz İsmayılov və Hüseyn Feyziyevdir.
Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"un Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, iyunun 15-də saat 12 radələrində M.Ağayevin idarə etdiyi "Hyundai" markalı avtomobillə P.İsmayılovun idarə etdiyi "VAZ" markalı avtomobil Biləsuvar rayonunun Ağalıkənd kəndinin ərazisində toqquşub. Nəticədə "VAZ" markalı avtomobildə olan 2 sərnişin hadisə yerində ölüb, sürücü və digər 1 sərnişin isə xəsarət alıb.
Qəza ilə bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
***
Biləsuvarda iki nəfərin öldüyü qəzada xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Redaktor.az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, bu gün saat 12:40 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (kişi cinsli) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onlardan 1985-ci il təvəllüdlü şəxsə başın, döş qəfəsinin səthi travması, sol kürəkdə və sağ dizdə əzilmiş və sıyrıqlar, 2000-ci il təvəllüdlü şəxsə isə dəqiqləşdirilməmiş kəllədaxili travma, döş qəfəsinin səthi travması diaqnozları təyin edilib.
Hazırda hər ikisinin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.
Qeyd edək ki, 2009-cu il təvəlüdlü şəxs aqonal vəziyyətdə tibb müəssisəsinə daxil olub. Bütün reanimasiya tədbirlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 12:45-də pasiyentin ölüm faktı qeydə alınıb(report).
***
Biləsuvar rayonunda ağır yol qəzasında iki nəfər ölüb.
Redaktor.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Ağalıkənd kəndi ərazisində qeydə alınıb.
“Hyundai Santa Fe” markalı avtomobilə “VAZ 2107” markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində iki nəfər - Elxan Feyziyev və Qalib İsmayılov ölüb, xəsarət alan şəxslər xəstəxanaya çatdırılıblar.
Ölən şəxslər “VAZ 2107” markalı nəqliyyat vasitəsində olub.
Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, ölənlər baba və nəvəsidir.

