Həmin ekskavatorçu da həbsdən azad edildi - İşə xitam VERİLDİ

 18:15 23.06.2025     57

Yasamal rayonu Alatava massivində qanunsuz söküntü işləri ilə bağlı başlanan cinayət işinə xitam verilib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar verilib.

Söküntü ilə bağlı saxlanılan ekskovatorçu Qala Eynullayev azadlığa buraxılıb.

Məlumata görə, bu, zərərçəkən tərəflə şirkət arasında razılaşma əldə olunandan sonra baş verib.

Xatırladaq ki, ötən ay Xətai Rayon Məhkəməsinin qərarına əsasən, “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov da ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, bu il martın 27-də Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində qanunsuz söküntü işləri aparılıb.

Fakta görə, Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb. Daha sonra hadisə ilə bağlı “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov, söküntü işləri aparan ekskavatorçu Eynullayev Qala Seymur oğlu saxlanılıb. Q.Məmmədov və Q.Eynullayev barəsində martın 29-da Xətai rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilib.

Q.Məmmədova Cinayət Məcəlləsinin 32.3-cü (Cinayətdə iştirakçılıq, cinayətin törədilməsini təşkil etmə və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmə, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratma və ya bunlara rəhbərlik etmə), 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.

Q.Eynullayev isə Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi üzrə ittiham olunub.