Qadın sərnişinlərə qarşı qeyri-etik hərəkət edən taksi sürücüsü SAXLANILDI

Bakıda qadın sərnişinlərə qarşı qeyri-etik hərəkət edən daha bir taksi sürücüsü saxlanılıb.
Redaktor.az xəbər verir ki, paytaxt ərazisində fəaliyyət göstərən bəzi taksi sürücülərinin qadın sərnişinlərlə etik normalara zidd davranışları, xidmətə aid olmayan mövzularda söhbət aparmaları və yersiz təkliflər etmələri barədə polis orqanlarına müraciətlər daxil olub.
Bu halların qarşısının alınması məqsədilə paytaxtda profilaktik və nəzarət tədbirləri keçirilir. Polis əməkdaşları tərəfindən Nəsimi rayonunda həyata keçirilən profilaktik tədbir zamanı “Chevrolet” markalı 77-YH-457 dövlət qeydiyyat nişanlı avtomobil sürücüsünün qeyd edilən əməllərə yol verdiyi müəyyən olunub və o, məsuliyyətə cəlb edilib.
Vətəndaşlara belə hallarla qarşılaşdıqları zaman dərhal ərazi polis orqanlarına məlumat vermələri tövsiyə olunur.