Elarizin qızı ifadə VERDİ

Üç sahibkarın ümumilikdə 4 milyon manatını ələ keçirməkdə ittiham olunan 33 yaşlı birjaçı Nizami Alışanın cinayət işi üzrə məhkəmə istintaqı qaldığı yerdən davam edib.
Redaktor.az-ın “Qafqazinfo”ya istinadla məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda Nizami Alışanın həyat yoldaşı, Amerikada yaşayan müğənni Elarizin qızı olan Günel Alışan əlavə şahid kimi ifadə verib.
O, yoldaşının saxlanıldığı günü və bu barədə digər məsələləri dəqiqləşdirmək üçün tərəflərin suallarını cavablandırıb.
Xanım şahid deyib ki, həyat yoldaşı ilə saxlanıldığını bildiyi tarixdən 8 gün əvvəl əlaqəsi kəsilib: “Aprelin 9-u axşamçağı zəng etdim, telefonuna zəng çatmadı. Bundan sonrakı günlərdə də heç bir xəbər ala bilmədim. 24 saat sonra polisə müraciət etdim. Araşdırma başlanandan bir gün sonra-aprelin 11-i Nizami zəng elədi. Dedi ki, Kibercinayətkarlıqla Mübarizə İdarəsindədir. Beş gün sonra yenidən mənə zəng etdi, saxlanıldığı idarəyə gəlməyimi istədi. Mən gedəndən sonra vəkilindən imtina etmək istədiyini dedi. Amma imtina ərizəsi yazana kimi, Nizamini Kürdəxanıya göndərdilər”.
Şahid yalnız ərinin saxlanılması anı ilə bağlı danışıb, digər sualları cavablandırmaqdan imtina edib.
Qeyd edək ki, Nizami Alışan eyni zamanda AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğludur.