Bu, OMON-çuların təhqirlərinə daha mədəni cavabdır...

Xəbər verdiyimiz kimi, Bakıda İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən iki mütəşəkkil cinayətkar dəstə polis əməkdaşları tərəfindən aşkar edilərək zərərsizləşdirilib.
Redaktor.az xəbər verir ki, hazırda qruplaşma üzvlərinin əhatə dairəsi, əməlləri, bağlantıları və törətdikləri digər cinayətlərlə bağlı geniş əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Etno-kriminal mahiyyətli 2 qruplaşmanın üzvləri barəsində məhkəmə tərəfindən müvafiq qərar veriləcək.
Bildirilir ki, Azərbaycanda məskunlaşmış Rusiya vətəndaşlarından ibarət bu etno-kriminal qrupların qanunsuz əməlləri, fəaliyyət istiqamətləri bir müddətdir ki, polis tərəfindən nəzarətə götürülübmüş. Həmin şəxslərin əhatə dairəsinin müəyyən edilməsi ilə bağlı lazımi təqib və izləmə işləri həyata keçirilib. Qrupun əsas üzvlərinin kimliyinin müəyyənləşdirilməsindən sonra isə əməliyyat keçirilməsinə və onların hər birinin tapılaraq məsuliyyətə cəlb edilməsinə start verilib. Polis tərəfindən dərhal təxirəsalınmaz tədbirlərlə iki qruplaşmanın üzvləri eyni vaxtda yaxalanıblar.
Hazırda Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən əməliyyat tədbirləri və müvafiq istintaq addımları davam etdirilir.
Azərbaycanda özlərinin kriminal qruplaşmalarını yaradan Rusiya vətəndaşlarının saxlanılması və məsuliyyətə cəlb edilməsi təkcə azərbaycanlıların yox, uzun illərdir Rusiyada təhqir olunan, döyülən, öldürülən müsəlmanların, Mərkəzi Asiyadan olanların, Şimali Qafqaz sakinlərinin – hamısının bir növ qisası, iç səsidir. Çirkli ayaqqabı ilə məscidlərə girib özünü vəhşicəsinə aparan OMON-çuların hər fürsətdə etdikləri təhqirlərə, aşağılamalara daha mədəni və qanuni cavabdır.
Rusiyanın “qanun keşikçiləri”nin insanlığa sığmayan davranışlarına tarixin bütün səhifələrində demək olar ki, əksər qonşu xalqlar şahid olub və bundan əziyyət çəkib. Rusiya hökumətinin şovinizm, islamafobiya, faşizm, irqçilik siyasətində əsas dəyənəyi kimi ön plana çıxan OMON qüvvələrinin bir vaxtlar bu ölkədəki çoxmənşəli miqrantların, hətta humanist ruhlu rusların belə kabusuna çevrilmiş skinhed dəstələrinin yolunu getməsi ikrah doğurmaqla yanaşı, Rusiyaya qarşı dünya xalqlarında formalaşmış kin və qəzəbi daha da artırır (Qafqazinfo).